Yanvarın 6-da saat 0:25-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Karxulu kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı ataraq qaçmağa çalışarkən saxlanılıblar. Onların İran vətəndaşları 27 yaşlı Zeynallı Yasir Əziz və 40 yaşlı Aşiqi Çapar İsmayıl olmaları müəyyənləşdirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd bağlamanın içində ümumi çəkisi 10 kiloqram 767 qram narkotik vasitə və 500 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götürülüb.
Yanvar ayının 9-da saat 21:40-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonu, Alaşa kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran tərəfdən Astara çayının sahilinə yaxınlaşaraq 1 ədəd bağlamanı Azərbaycan istiqamətində sahilə doğru ataraq uzaqlaşmaları müşahidə olunub.
Ərazi dərhal qapadılaraq keçirilən axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində 1 kiloqram 590 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Yanvar ayının 17-də saat 23:35-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonu, İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Onun Kürdəmir rayon sakini, 32 yaşlı Cəfərov Azər Mübariz oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində 10 kiloqram 139 qram narkotik vasitəvə 590 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonu, Arbatan kənd sakini 32 yaşlı İsmayılov Ruhin Vilayət oğlu saxlanılaraq istintaqa cəlb edilib. Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitə aludəçisi olmalarını bildiriblər.
Bu faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.