Gəncədə bir neçə sürücü avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə “Lada” və “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi, dövlət qeydiyyat nişanı olmadan minik vasitəsinin idarə edilməsi aşkar edilib.
Bundan başqa, araşdırmalar zamanı bəzi sürücülərin şəhər ərazisində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq sosial şəbəkələrdə paylaşması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkarlanıb.
Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara "Yol hərəkəti haqqında" qanunun tələbləri barədə məlumat verib.