Pomidor turşusunda zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyeva nəhayət ki həyata qayıdıb.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, iki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində Aytac süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.
Qeyd edək ki, noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi.
Xəstəxana rəhbərliyinin tapşırığı ilə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülən yeniyetmə xüsusi nəzarətə götürülüb və həyatda qalması üçün bütün imkanlar səfərbər edilib. Bununla belə müxtəlif günlərdə iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi ilə Aytac Mirzəyeva həyata qayıdıb.
Tibb işçiləri onun həyatda qalmasını bir möcüzə hesab edir.