Arvadından şübhələnən kişi evə gizli kamera qoydu - BAKIDA ŞOK OLAY
24 noyabr 2021 20:15 (UTC +04:00)

Arvadından şübhələnən kişi evə gizli kamera qoydu - BAKIDA ŞOK OLAY

Bakıda boşanmaq istədiyi arvadının pornoqrafik videolarını çəkməkdə təqsirləndirilən Lətif Əliyevin (ad soyad şərtidir) cinayət işi üzrə təfərrüatlar məlum olub.

Lent.az həmin cinayət işinin məhkəmə materiallarını əldə edib.  

Cinayət işi Xətai rayon Məhkəməsində araşdırılıb.

İttihama görə, L.Əliyev üçün həyat yoldaşı Nigarın (ad şərtidir) anasına məxsus evə gizlin daxil olaraq mənzilə kamera quraşdırıb. Həmin kamera vasitəsilə Nigarın yad kişi ilə intim münasibətini lentə alıb. Arvadından boşanmaq istəyən L.Əliyev həmin görüntüləri məhkəməyə təqdim edib.

Bundan xəbər tutan arvadı gizli görüntülərə görə polisə şikayət edib. Şikayət əsasında L.Əliyev barəsində Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanıb.  

L.Əliyev özünü ittiham üzrə təqsirli bilməyib. Deyib ki, 2014-cü ildə Nigar ilə təsadüfən tanış olub və onların arasında yaxın münasibətlər yaranıb: “2015-ci ilin təxminən avqust ayında rəsmi qaydada nikaha daxil olmuşuq. Nigarın məndən öncəki evliliyindən qız uşağı var idi. Evləndikdən sonra bir müddət Xətai rayonunda, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında kirayədə yaşadıq. Daha sonra ora yaxın yerdə başqa mənzilə köçdük. Həmin mənzil qayınanama məxsus idi. 2016-cı ildə qızımız dünyaya gəldi. 2019-cu ilin iyun ayına qədər münasibətlərimiz normal olub. Mənzilimiz 1 otaqlı olduğundan, evi dəyişərək 2 otaqlı mənzilə köçdük. Həmin mənzil də qayınanama məxsus idi. 2019-cu ilin fevral ayından başlayaraq Nigarda mənə qarşı soyuqluq hiss etməyə başladım. Ondan bunun səbəbini soruşduqda, müxtəlif bəhanələr gətirdi və bundan sonra, Nigarın artıq xəyanət etməsindən şübhələndim”.

Təqsirləndirilən şəxs bildirib ki, 2019-cu ilin təxminən may-iyun aylarında internet saytından kiçik ölçülü gizli videokamera sifariş edib alıb: “Həmin kameranı mobil telefonuma yüklədiyim proqram vasitəsilə harada olmağımdan asılı olmayaraq mənzili izləyə bilirdim. Kameranı mənzildə heç kim olmayan vaxt qonaq otağına karnizin içərisinə gizlin formada yerləşdirdim. Həmin vaxtdan başlayaraq gizli kamera vasitəsilə Nigarı və eyni zamanda uşaqlara nəzarət edirdim. İşdə olarkən mənzilini izləyirdim. Nigarın bu kameradan xəbəri olmayıb. 2019-cu ilin iyul ayında artıq Nigarın mənzilə yad, tanımadığı kişi ilə gəlib cinsi əlaqədə olmasını görüb xəyanət etməsinə görə, nikahın pozulması və uşağının mənim himayəmə verilməsinə dair iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Gizlin yolla əldə etdiyim görüntülərlə heç bir zaman Nigara hədə-qorxu gəlməmişəm, həmin görüntüləri yaymamışam, məqsədim yalnız Nigarın xəyanət faktını sübut etmək olub”.

Məhkəmədə danışan Nigar ifadəsində deyib ki, 2014-cü il Lətiflə tanış olub və 1 il sonra evlənib: “Nikaha daxil olduqdan sonra, Lətif mənim evimə köçüb və biz birlikdə yaşamışıq. Bir il sonra qızımız dünyaya gəlib. Uşaq doğuşdan ürək qüsurlu olduğundan mütəmadi tibbi yardımlar alıb. 2017-ci ilin təxminən yay aylarına qədər həmin mənzildə birlikdə yaşadıq. 2017-ci ilin yay aylarında Lətif işə düzəldi. Həmin vaxtdan başlayaraq o, bəzi günlər dənizdə işdə, bəzi günlər evdə olurdu. Həmin vaxtdan da münasibətlərimiz pisləşdi. Lətifin ailəsinə baxmaması, evdə narazıçılıq yaratmasına görə aramızda ailə-məişət zəminində mübahisələr düşürdü. Mübahisələr səbəbindən Lətif paltarlarını toplayaraq, mənzili birdəfəlik tərk etdi və bir daha yaşamaq məqsədilə geri qayıtmadı. Lətifə dəfələrlə evimizə qayıtmağı təklif etsəm də, o, Pirallahı rayonunda qaldığını bildirərək imtina etdi. Ondan sonra həftədə bir dəfə qızını görməyə gəlirdi. Rəsmi evli olsaq da, faktiki olaraq ayrı yaşamağa başlamışdıq. 2018-ci ilin dekabr ayında mənzili satdım, anamın evinə köçdüm Lətif yeni mənzilə köçərkən əşyaların daşınmasına kömək etdi”.

Qadın qeyd edib ki, yeni mənzilə köçdüyü zaman, Lətif xəbəri olmadan mənzilin açarının bir surətini gizli olaraq götürüb: “2019-cu ilin iyun ayına qədər kiçik qızım ürək qüsurlu olmasına və mütəmadi tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, atası Lətif heç bir maddi yardım etmirdi və faktiki olaraq ailəsindən ayrı yaşayırdı. 2019-cu ilin təxminən iyun ayının əvvəllərində qızımın xəstəliyi ağırlaşdı. Onun müalicəsi üçün təxminən 7000 manata yaxın pul lazım olsa da, Lətif  kömək etməkdən imtina etdi. Həmin vaxt Niyaz (ad şərtidir) adlı şəxslə tanış oldum,  o, bizə maddi yardım etməyə başladı. Lətifin bundan xəbəri oldu və bunu normal qarşılayaraq, heç bir reaksiya vermədi. Həmin vaxtdan Niyaz ilə əlaqələrim yaxınlaşdı, onun bir neçə ildir subay olduğunu və münasibətinin ciddi olmasını müəyyən etdim. Lətif ilə dəfələrlə ailə olaraq münasibətləri bərpa etməyə çalışsam da və ailəsinə sahib çıxmağı təklif etsəm də, o, bununla razılaşmadı. Uşaqlarına ata kimi heç bir maddi və ya mənəvi yardım etmirdi”.

Nigar deyib ki, zaman keçdikcə Niyazla münasibəti daha da yaxınlaşıb: “Niyaz bəzən bizdə qalırdı. 2019-cu ilin iyun ayından sonra onunla bir neçə dəfə intim əlaqədə olmuşuq. Lətif də bizim xəbərimiz olmadan qonaq otağında gizli kamera quraşdırıb və Niyazla mənim intim görüntülərimizi qanunsuz olaraq toplayıb. 2019-cu ilin iyul ayında Lətiflə rəsmi qaydada nikahın pozulması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Həmin məhkəmə baxışı zamanı Lətif qanunsuz olaraq mənzilə daxil olub, gizli yolla quraşdırdığı kamera vasitəsilə əldə etdiyi görüntünü Nərimanov Rayon Məhkəməsinə təqdim etdi. Guya məni xəyanət etməkdə günahlandıraraq, uşağı almaq istədi. Yalnız bundan sonra gizli kameradan xəbərim olub. Həmin videogörüntüləri məhkəmədən götürərək Xətai Rayon Prokurorluğuna şikayət etdim”.  

Zərərçəkən şəxs qeyd edib ki, həmin videogörüntülər 2019-cu ilin iyun ayının sonlarına aiddir və videogörüntüdə olan qadın özüdür, intim əlaqədə olduğu şəxs isə Niyazdır: “Lətifə qarşı heç bir şikayətim və tələbim yoxdur, aramızda barışıq əldə olunub”.

Xətai rayon Məhkəməsinin hökmü ilə L.Əliyevin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılıb.

Hökmlə razılaşmayan dövlət ittihamçısı apelyasiya protesti verib.

Bakı Apelyasiya Məhkəməsində keçirilən iclasda L.Əliyev barəsində bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

# 12927
avatar

Səlcuq Elçin

Oxşar yazılar