“Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.
Lent.az xəbər verir ki, MMC-də gömrük nöqsanları aşkarlanıb.
Bu səbəbdən “Araz Supermarket” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə) maddəsi ilə protokol tərtib olunub.
Tərtib olunan protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Qeyd edək ki, həmin maddə ilə “Araz Supermarket”i 1500 manat cərimə gözləyir.