Almaniyanın Bremen əyalətinin liman şəhəri Bremerhavendə yaşayan mühacir və müsəlman ailənin iki uşağı Almaniya Gənclər Agentliyinin əməkdaşları tərəfindən polis nəzarəti altında ailədən alınıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, ailə uşaqlara LGBT-nin İslam dinində yeri olmadığını bildirdiyi üçün uşaqları ailələrindən alıb Almaniya Gənclər Agentliyinə göndəriblər.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polislər tərəfindən zorla ailələrindən ayrılan uşaqların görüntüləri ürək ağrıdıb. Böyük əks-səda doğuran görüntülərdə uşağın ağlamasına və müqavimət göstərməsinə baxmayaraq polis və Alman Gənclər Təşkilatının əməkdaşları tərəfindən evdən çıxarıldığı görülüb.
Ailə üzvləri bildiriblər ki, övladlarından biri xəstədir və bu vəziyyətdən təsirlənib, səhhətində problemlər yarana bilər. Polis isə Almaniya Gənclik Agentliyi tərəfindən təyin olunduqlarını və buna uyğun olaraq məhkəmə qərarına əməl etdiklərini bildirib. Polisin mövzu ilə bağlı etdiyi yazılı açıqlamada hadisə ilə bağlı fərziyyələrə yer verilməməsi lazım olduğu qeyd edilib. Polis görüntülərin yanlış şərh edildiyini və uşaqların məhkəmə qərarı ilə ailələrindən alındığını bildirib.