Ağsuda polisin qanunsuz olaraq vətəndaşın evinə daxil olması narazılığa səbəb olub.
“Yeni İctimai Nəzarət Şurası”nın Ağsu rayon şöbəsinin sədr müavini Vüsal Əfəndiyev Lent.az-a bildirib ki, rayon Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Eyvazov Aydın Hüseynqulu oğlu məhkəmə qərarı olmadan, mülki geyimdə və şəxsi avtomobil ilə onun evinə qanunsuz girib. Şikayətçinin sözlərinə görə, bu zaman adıçəkilən polis hörmətsizlik edərək mənzilə ayaqqabı ilə daxil olub.
V.Əfəndiyev həmçinin qeyd edib ki, adıçəkilən polis onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham edərək polisə aparıb.
Şikayətçi iddia edir ki, A.Eyvazov həmin maddələr üzrə işin bağlanması üçün ondan bölmədə 300 manat rüşvət istəyib.
Mövzu ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev qeyd edib ki, polisin məhkəmə qərarı olmadan vətəndaşın mənzilinə daxil olması qanunsuzdur: “Şəxs barəsində axtarış elan olunduqda və evə daxil olmaq üçün məhkəmənin qərarı olduqda polis vətəndaşın evinə gedib onun tutulmasını təmin edə bilər. Polis əməkdaşları həmin şəxsin evinə gedərkən mütləq vəsiqələrini göstərib özlərini təqdim etməlidir. Bu halda polisin mülki geyimdə yaxud uniformada olmasının fərqi yoxdur. Amma şəxsin axtarış qərarı olmasa və evə daxil olmaq üçün məhkəmə qərarı olmadıqda polisin vətəndaşın evinə getməsi mənzil hüququnun pozulması hesab olunur. Polisin təyinatı insanların sağlamlığının, hüquq və azadlıqlarının qəsdlərdən qorunmasıdır. Onun vəzifəsi cinayətkarları ələ keçirmək, ictimai təhlükəsizliyi qorumaqdır. Bunları həyata keçirmək üçün polis axtarış edə bilər, dinləyə, güdə, insanların evinə də daxil ola bilər. Ancaq bunlar hamısı qanun çərçivəsində yerinə yetirilməlidir. Bu addımlar üçün məhkəmənin yaxud istintaq orqanının qərarı olmalıdır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-a bildirib ki, Ağsu rayon sakini Vüsal Əfəndiyevin polisin ona qarşı qanunsuz tələblər irəli sürməsi ilə bağlı iddiaları əsassızdır və həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət edən Ağsu rayon sakini Vaqif Əfəndiyev oğlu Vüsal Əfəndiyev ilə aralarında mübahisə yaşandığını bildirib: “Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşı həmin ünvanda olub, məsələnin araşdırılması üçün onları şöbəyə dəvət edib. Vaqif Əfəndiyev izahatında evə sərxoş vəziyyətdə gələn oğlu ilə aralarında mübahisə yaşandığını bildirib və onun barəsində qanuni tədbir görülməsini istəyib. Vüsal Əfəndiyev isə hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, əsəbləşərək ev əşyalarını yararsız hala saldığını və atasının ünvanına nalayiq ifadələr işlətdiyini etiraf edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Vüsal Əfəndiyevin guya onun mülki avtomobillə şöbəyə aparılması barədə iddiaları yalandır. Belə ki, həmin şəxs xidməti avtomobillə gətirilib. Burada da sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədib, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb.
Onu da qeyd edim ki, həmin ailə münaqişəli ailə kimi Ağsu rayon Polis Şöbəsində qeydiyyatdadır”.