Yol polisi koronavirusla bağlı İsmayıllı və Xaçmazda aksiya keçirib.
DİN Mətbuat Xidmətindən Lent.az verilən məlumata görə, tədbir çərçivəsində Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb.
Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
Aksiya çərçivəsində təkcə Xaçmazda 300-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanıb. Eyni zamanda bu tədbirlər Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında da davam etdirilir.
Belə ki, şöbəyə gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması, əlcək və tibbi maska ilə təmin olunması həyata keçirilir. Rayon sakinləri və sürücülər Xaçmaz polisi tərəfindən keçirilən bu nəcib aksiyaya və göstərilən diqqətə görə bütün polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.