Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirmək istəyənlər saxlanılıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirlidiyini aşkarlayıblar.
Polis əməkdaşları toy mərasimini dərhal dayandırıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.