Sürücülərin NƏZƏRİNƏ: Böyük qəsəbələri birləşdirən yol istismara verildi
30 mart 2020 12:33 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: Böyük qəsəbələri birləşdirən yol istismara verildi

Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsinin yolunda təmir işləri başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, yeni təmir olunan 2 km-lik yol Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirir. Bu da həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edir. 

Sözügedən küçənin əsaslı şəkildə yenidən qurulması Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. 

Qara Qarayev küçəsi Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan küçənin yol yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmişdir. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə ərazidə nəqliyyat axınına mənfi təsir göstərirdi. Bundan başqa küçənin səki hissələrinin də sıradan çıxması piyadaların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Hazırda sadalanan problemlərin aradan qaldırılması istiqamətində agentlik təxirəsalınmaz tədbirlər həyata keçirib. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış hissələrinə tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Ardınca isə əks-dolğu işləri görülmüş hissələrdə yol əsasının inşası həyata keçirilib. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə olunub. 

Küçənin səki hissələri də yenidən qurulub, kənarlarına 4 min paqon-metr yeni səki daşları düzülüb və hərəkət hissəsi yeni asfalt-beton örtüklə örtülüb. 

Növbəti mərhələ üzrə artıq küçənin 16 min kvadrat metr sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, küçə zəruri yol nişanları və üfiqi nişanlanma xətləri ilə təmin edilib. 

Qeyd edək ki, Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə 19.7 milyon manat ayrılıb. 

Sərəncama uyğun olaraq, Abşeron rayonunun Masazır kəndində ümumi uzunluqları 6260 metr olan 6 küçə - Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov, Akim Abbasov və Şıxəli Qurbanov küçələri, Qobu qəsəbəsində 7840 metr uzunluğunda 5 küçə - Mirzə Ələkbər Sabir, Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələri, Ceyranbatan və Saray qəsəbələrində 5950 metr uzunluğu olan 3 küçə - Heydər Əliyev prospekti, həmçinin Mikayıl Müşviq və Heydər Əliyev küçələri,  Mehdiabad qəsəbəsində isə ümumi uzunluğu 6450 metr olan 4 küçə - Qara Qarayev, Cəfər Cabbarlı, Əhməd Cavad və Çingiz Mustafayev küçələrinin təmiri nəzərdə tutulurdu. Bu çərçivədə sözügedən qəsəbələr üzrə işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036
avatar

Oxşar yazılar