Quba rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən dülgər və avtomobil təmiri sexlərindən bir ədəd elektrik generatoru, bir ədəd rəndə, bir ədəd mühərrik və digər usta alət və avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlayıb.
DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, onun rayon sakini Əli Məmmədov olduğu müəyyən edilib.
Əli Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun rayon ərazisində avtomobillərdən oğurluq etdiyi də müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi alət və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan alət və avadanlıqlarının yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.
Bu faktlarla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.