Paytaxtın Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birinin qaşısında hüquqlarının pozulması ilə bağlı şikayət edən Saraxanım Ağayevanı polis əməkdaşları Yasamal rayon Polis İdarəsinə dəvət edib və rəhbərlik tərəfindən dinlənilib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a məlumat verib. Onun sözlərinə görə, vətəndaş qəbul zaman 2010-cu ildə oğlu Ceyhun Aslanovun tanışı Bahadur Qasımova məxsus Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən mənzili ömürlük renta müqaviləsi bağlayaraq, ömürünün sonuna kimi saxladığını bildirib:
“Vətəndaş S.Ağayeva eləcə də oğlunun mənzilə dair bütün xərcləri ödəmək öhdəliyini üzərinə götürərək 40 min manat xərcələdiyini də qeyd edib. Ancaq 2018-ci ildə B.Qasımov vəfat etdikdən sonra qardaşı Platon Qasımov müqavilənin ləğv olunması ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etməsi onların arasında mülki mübahisənin yaranmasına səbəb olub. Vətəndaşın şikayəti üzrə xüsusatlar Polis İdarəsində tam və hərtərəfli araşdırılmaqla, qanunvericiliyin tələbləri onun diqqətinə çatdırılıb, mübahisə doğuran halların araşdırılması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilib”.