Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayonu, Privolnoye kənd sakini Könül Ağayeva saxlanılıb.
O, ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Könül Ağayevanın mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
Könül Ağayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar Cəlilabad rayon Məhkəməsinə göndərilib.