Fevralın 7-də Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluğu olan, şəhər sakini M.Muxtarov saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, o, narkotik vasitə olan qurudulmuş marixuananı 120 manata satmaq istəyərkən şəhər ərazisində tutularaq polis şöbəsinə gətirilib. M.Muxtarovun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə üzərində daşıdığı 400 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilib və oradan da müxtəlif qablaşdırmalarda 360 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.