Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Tariyel Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında T. Məmmədovun şəhər ərazisində kirayə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi uzunluğu 45 sm-dən 330 sm-dək olan, çəkisi 400 kiloqrama yaxın 149 ədəd çətənə kolları və satış üçün qablaşdırdığı ümumi çəkisi 1 kiloqram 300 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
T. Məmmədovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi kənardan idarə olunan video kamera, gecə görüntüsü üçün xüsusi hazırlanmış fənər, satış məqsədi ilə istafadə etdiyi elektron tərəzi və eləcə də digər müxtəlif növ vasitələr və qurğular da maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.