Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər müəyyən edilib.
Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat daxil olub. Məlumatda bildirilir ki, işğal olunan ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərin tətbiqi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən daim nəzarətdə saxlanılmaqla davam etdirilir.
Bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində hansı qaydada iqtisadi fəaliyyətlə məşğul ola biləcəyi, qanunsuz iqtisadi fəaliyyətə görə cinayət qanunvericiliyinin müddəaları ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanmışdır.
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcəkdir.