Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini V.Ələkbərovu döyüb 2300 manat pulunu, mobil telefonunu, şəxsiyyət vəsiqəsini və bank kartını quldurluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini Ş.Ataşov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 23-də Nizami rayonunda paytaxt sakini N.Nəciyevi döyüb 5000 manat pulunu quldurluq yolu ilə əlindən alıblar. Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri E.Əliyev və E.Mehtiyev saxlanılıblar.
Digər quldurluq hadisəsi də Nizami rayonunda baş verib.
Martın 23-də naməlum şəxslər paytaxt sakini E.İmanovu bıçaqla hədələyib içərisində 520 manat, 720 dollar və bankomat kartları olan pulqabısını quldurluq yolu ilə əlindən alıblar.
Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri V.Nəsirov, T.Əliyev və Cəlilabad rayon sakini H.Məlikov saxlanılıblar.