Lənkəranda obyektlərdən oğurluq edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini N.İsmayılov yaşadığı Kərgəlan kəndində ona məxsus mağazadan ümumilikdə 1032 manat dəyərində pul, kameraların yaddaş kartı, danışıq kartları və müxtəlif növ ətirlərin oğurlandığını bildirib.
Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Kərgəlan kənd sakini Rahim İbadov saxlanılıb. Eyni zamanda saxlanılan R.İbadovun yaşadığı kəndin ərazi icra nümayəndəliyinin inzibati binasından, bir çayxanadan və bir qeyri-yaşayış sahəsindən, həmçinin Talışlı kəndində yerləşən avtomobil təmiri sexindən ümumilikdə dəyəri 3410 manat olan notebook, printer aparatı, internet modemi, nəzarət kameraları, yaddaş bloku və digər avadanlıqlar oğurladığı da məlum olub.
Keçirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində və Aşağı Nüvədi qəsəbəsindəki çay evlərindən ümumilikdə dəyəri 2470 manat olan televizor, digital aparat və samovar oğurlayan rayon sakini Qəhrəman Həsənov saxlanılıb.
Hər iki şəxsdən oğurladığı əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.