Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vətəndaşı xilas edib.
DSX mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, aprelin 14-də yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə gedib. FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi, köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas edib.
Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparılmış və reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda vəziyyəti yaxşıdır.