"Bakı qeydiyyatında olan vətəndaşlarımızın xüsusi karantin rejimi başa çatana qədər paytaxtdan çıxışına icazə verilməyəcək. Rayon qeydiyyatında olan vətəndaşların isə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişinə icazə verilməyəcək".
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
O, rayon qeydiyyatında olub Bakıda işləyənlər və hazırda rayonda olanların paytaxta geri dönməsi ilə bağlı vəziyyəti də şərh edib: "Yəqin ki, rayon qeydiyyatında olub, Bakıda elə bir sahədə, strateji obyektdə işləyənlər var ki, onların şəhərə girişi tənzimlənəcək. Amma strateji əhəmiyyətli işlərdə çalışmayan şəxslər xüsusi karantin rejimi başa çatanadək gözləməli olacaqlar. Bütün bu addımların məqsədi vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunmasıdır".
Mətbuat xidmətinin rəisi bildirib ki, bəzi sahələrdə işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmayacağı şəhərə girişdə qurulan postlarda müəyyən ediləcək: "Bu səbəbdən hər bir vətəndaşın üzərində şəxsiyyətini təsdiq edən və harada işləməsini müəyyən edən sənədləri olmalıdır".