Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zamanov Oqtay Sultan oğlunun – 2015-2017-ci illər ərzində Bakı şəhərində qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, Xəzər rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Qurbanov Musa Əfrail oğlunun– 2019-cu il yanvarın 8-də Bakı şəhərində xuliqanlıq niyyəti ilə Parxomenko Vadim Eduardoviçi döyərək həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, həmin şəxslər barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycanın Baş Prokurorluğunun Rusiyanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Oqtay Zamanov və Musa Qurbanov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.