Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 34-cü Polis Şöbəsinin əməkdaşları narkotik mnaddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıblar. Əvvəlcə daxil olmuş məlumat əsasında Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, E.Zərbəliyevə narkotik vasitəni satan, əvvəllər məhkum olunan Lənkəran şəhər sakini Tural Abdullayev də müəyyən edilərək saxlanılıb, onun üzərində şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülüb. Davam etdirilən tədbirlərlə Tural Abdullayevə narkotik vasitəni satan onun xalası oğlu, əvvəllər məhkum olunan Aqşin Cəbrayılzadə də saxlanılıb.
Polis əməkdaşlarının Aqşin Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə keçirdikləri baxış zamanı 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanıb götürülüb. Bu əməliyyat zamanı ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.