Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir.
Nazirlər Kabineti yanında operativ qərargahdan Lent.az-a verilən məlumata, bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin və sərinişindaşıma nəqliyyat vasitələrinin qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməkdən və sərnişin daşımaqdan çəkinməyə çağırırıq.
Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərinişin daşınması dayandırılır.
Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.
Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.
Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.