Oktyabrın 21-də saat 15 radələrində Zaqatala rayonu, Yengiyan kənd sakini 1978-ci il təvəllüdlü İsmayılova Zalxa Qədim qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Zaqatala rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri İsmayılov Fazil Allahverdi oğlunun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə xəsarətlər yetirərək Zalxa İsmayılovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Fazil İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.