16 yaşlı Cəfərin ölümünün günahı kimdədi? - REPORTAJ - FOTO
02 dekabr 2010 12:34 (UTC +04:00)

16 yaşlı Cəfərin ölümünün günahı kimdədi? - REPORTAJ - FOTO

İki gün əvvəl Qaraçuxur qəsəbəsində 16 yaşlı Cəfər səkkiz gün çəkən iztirablardan sonra dünyasını dəyişdi. Bizdəki ilkin məlumatlara görə, məktəbli (Cəfər onuncu sinifdə oxuyurdu) təxminən ay yarım əvvəl, qolunu quduz itə qapdırıb və sağala bilmədiyinə görə vəfat edib. Bizsə həm Cəfərin ailəsinə baş çəkib başsağlığı vermək, həm də işin əslini öyrənmək istədik.

Dilli-dilavər taksi sürücüsü

Qaraçuxurun «Dərə» adlanan ərazisində bir deyil, yanaşı iki yas çadırı gördüm. Bir ucdan üyüdüb-tökən taksi sürücüsü hadisə barədə ətraflı izahat verməyi könüllü olaraq, boynuna götürdü:

- Elə Cəfər ölən gün qonşuluqda bir arvad da öldü. Öldü deyəndə ki, rəhmətliyin yüz yaşı tamam olmuşdu. Sənə deyim ki, qızım, bu məhəllənin başında Əzrayıl fırlanır. Hər ay ən azı iki nəfər ölür, özü də az qala hamısı eyni gündə ölür… budu, yas çadırları yanaşıdı…

Yas çadırının həndəvərindəki maşınları, adamları yara-yara, qadınların əyləşdiyi hissəyə tərəf getdim. Taksi sürücüsü buralı idi, «ölü yiyələrinə» tanışlıq verib, məni də onlara təqdim elədi:

- Bacı jurnalistdi, gəlib məsələni bir araşdırsın.

Çadırın ağzında dayanmış qadın, deyəsən mərhumun xalası idi, yeddi biyana yad adam olsam da, yenə də umaxşıdı. Öpüb, başsağlığı verdim. Sıradan, ölənə heç bir köməyi olmasa da, özündən sonra qalanları az da olsa ovunduran şeylər:

- Axır qəminiz olsun, başınız sağ olsun, Allah qalanlara dəyməsin…

Qadın kim olmağımla elə də ciddi maraqlanmadı. Elə öz dərdini bəlkə də yüzüncü adama yüzüncü dəfə təkrarladı:

- Nə bilim, a bala, nə bilim... Allah mərdimazarın evini yıxsın. Savadsızlıq ucbatından, naşılıqlarından bacımın balasını güdaza verdilər.

Məsələnin əslini başa düşə bilməsəm də tələsmədim. Yas çadırına keçib, başda, mollaxanımın yanında oturub, sakit-sakit ağlayan qadına da başsağlığı sözlərini deyərək, hazırlayacağım yazıya kömək edə biləcək bir adam axtarmağa çalışdım.

Valideynlər susur...

Azərbaycanda toy, yas, ümumiyyətlə xeyir-şər məclislərində həmişə qulluqpərgar, dilli-ağızlı, iş aşıran bir adam olur. Həmin adam qonaq qarşılayıb-yola salmaq, məclisin işinə kömək eləməyə yığışmış qohum-əqrəbaya iş buyurmaq, xırım-xırda məsləhətlər vermək və s. işlərə baxır və yaxşı da yarıdır. Mən də öz reportajım üçün, vəfat edən gəncin valideynlərindən, bacı-qardaşından (Cəfərin özündən böyük bir bacısı, bir də qardaşı var) bir-iki kəlmə söz öyrənə bilmək üçün məclisdə həmin funksiyanı yerinə yetirən adama – cavan, üzü saqqallı, zirək kişiyə müraciət elədim.

Qardaş jurnalist olduğumu bilən kimi gedib yas sahibləri ilə məsləhətləşdi və mənə qəti cavab gətirdi:

- Bacı, gəlmisən, xoş gəlmisən. Sağ ol, saymısan, qapımıza gəlmisən. Amma başını qaldır, çadıra bax – biz heç o uşağın şəklini də heç yana vurmamışıq. Bizə heç nə lazım deyil. Özün də keç içəri, qadınların yanında otur, bir şey ye. Xahiş eləyirəm, bizi üzrlü say, bağışla ki, sənə kömək eləyə bilmədik… amma yenə də xahiş eləyirəm, bir şey yeməmiş getmə…

Kişinin çadıra keçib ehsan yeməyim üçün üz vurması göydəndüşmə oldu. Qohumlar müsahibə verməkdən imtina edə bilərdilər, amma yasda oturub, hadisəni yüz dəfə bir-birinə danışan qadınların ağızlarını yuma bilməzdilər ki…

...çadır danışır

Kənarına üç ortayaşlı qadın və bir gənc qız oturmuş masaya yaxınlaşıb, oturdum. «Qərib» olduğumu görən qadınlar və qız tez mənə qulluq eləməyə başladılar, boşqabıma aş, qara çəkdilər, dovğa stəkanını yaxınlaşdırdılar, yeməyim üçün israr elədilər. Və belə mehribanlıqdan sonra, artıq əsas məsələ barədə danışmağa dəyərdi. Amma heç sual verməyimə ehtiyac olmadı. Qadınların öz aralarında gedən söhbətlərindən hadisənin bəzi təfərrüatları məlum oldu…

Qısa ömürdən qısa məlumatlar

Cəfər gəncliyində bir-birinə qoşulub, Neftçaladan gəlib paytaxtda ailə və gələcəklərini qurmuş cütlüyün üç övladından biri olub. Deyən-gülən, həyatsevər, zarafatcıl. Gözəl, yumşaq xasiyyətinə görə, sinif yoldaşlarının, yaşıdları olan qonşu qızların sevimlisi, əzizi olub. Məktəbdə yaxşı oxuyurmuş, evdə valideynləri, bacı-qardaşları ilə heç bir problemi yoxmuş. O bədbəxt hadisə baş verməsə, ailə sadə və mümkün qədər xoşbəxt həyatını yaşayırmış.

Yaxınlarının danışdığına görə, ölümündən düz qırx gün əvvəl Cəfəri it dişləyib. «İt» məsələsini danışanda, hamı səsini bir azca yavaşıdır, sanki hadisədən utanırmış kimi bir sifət alırdılar. Səbəb isə bu idi – Cəfəri dişləyən it, ev sahiblərinin elə öz iti olub (bunu eşidəndə, onun valideynlərinin mətbuatdan niyə yayındıqlarını anlaya bildim).

Məhəllənin ətrafında dolaşan, bir-birindən quduz sahibsiz itlərlə boğuşandan sonra halı dəyişən it, elə həmin gün Cəfərin biləyini gəmirib. İtin halından və Cəfərin yarasından dalağı sancan valideynlər oğullarını xəstəxanaya aparsalar da (xəstəxananın adını dəqiqləşdirmək mümkün olmadı) ilk tibbi yardım keyfiyyətli olmayıb. Ailənin qonşulara, qohumlara danışdığına görə, Cəfərə vurulmalı olan doqquz iynədən cəmi üçü vurulub.
Sonrakı günlər Cəfərin halında elə bir dəyişiklik hiss olunmayıb. 32 gün müddətində o normal həyatını yaşayıb. Dərsə gedib-gəlib, həyətdə uşaqlarla oynayıb, həyət-baca işlərində ata-anasına kömək eləyib. Hadisədən 32 gün keçəndən sonra uşağın halı qəfildən dəyişib. Rayondan gələn, belə işlərə yaxından bələd olan ata-ana bu dəyişkənliyin səbəbini tezcə anlaya bilir və uşağı təzədən xəstəxanaya aparırlar. Təzədən başlayan müalicə və gəncin iztirabları səkkiz gün davam edir. O uğursuz gündən düz qırx gün keçəndən sonra Cəfər dünyasını dəyişir. Gecəyarısından bircə saat keçəndən sonra «Dərə» adlanan yerdə 100 yaşlı qadın öz əcəli, 16 yaşlı yeniyetmə sadə bir məişət qəzası nəticəsində dünyalarını dəyişirlər.

Vəssalam.

Cəfərin xalası, qohumları ilə sağollaşıb, çıxanda məhəllənin kənarındakı quduz itlər hələ də qəzəblə hürə-hürə o yan-bu yana qaçışırdı. Bu itlər həyatda yaşayacağı ən gözəl şeyləri hələ qabaqda olan bir yeniyetmənin həyatına son qomuşdular. Onun ailəsi isə özü də bilmədən, «ölən öldü, qalanlardan muğayat olaq» məntiqi ilə həkimlərin səhlənkarlıqlarını, sahibsiz itləri yaşayış yerlərindən yığışdırmağı ağıllarına gətirməyən sanitariya qurumlarının məsuliyyətsizliklərinin ört-basdır olunmasına kömək etmiş olur.
Doğrudan da qalanlardan muğayat olmaq lazımdır. Amma daha sərt, daha məntiqli və daha ayıq başla...

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1511

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46