“Ziya Bünyadovun qatillərinin yeri müəyyənləşib”  – MÜSAHİBƏ
25 fevral 2010 14:00 (UTC +04:00)

“Ziya Bünyadovun qatillərinin yeri müəyyənləşib” – MÜSAHİBƏ

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Sahib Mirzəyevin APA-ya müsahibəsi


- Azərbaycanda İnterpolun fəaliyyət proqramı haqqında nə deyə bilərsiniz?


- Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun son illər fəaliyyəti daha da genişlənib. Mən İnterpola rəhbər təyin olunandan sonra daxili işlər naziri cənab Ramil Usubovun bu qurumla bağlı xüsusi tapşırıqları olub. Daxili İşlər Nazirliyinin bütün qurumlarına, həmçinin bütün polis idarələrinə tapşırıq verilib ki, İnterpolla yüksək səviyyədə əməkdaşlıq edilsin, axtarışda olan cinayətkarların tutulması təmin olunsun. Hər bir şəxs bilməlidir ki, qaçıb gizlənməklə məsuliyyətdən yaxa qurtarmaq olmaz, gec-tez qanun qarşısında cavab verməli olacaq. Yaxşı bilirik ki, hər bir cinayətkarın əməlləri böyük faciələr və narahatlıqlara səbəb olur. Buna görə hər zaman çalışırıq ki, cinayət törətmiş şəxsin harada gizlənməyindən asılı olmayaraq, onu tapaq və istintaqa təhvil verək. İnterpolun Baş Katibliyinin Əsasnaməsinə görə, siyasi, hərbi, dini və irqi cinayətlər törətmiş şəxslərdən başqa demək olar ki, bütün cinayətkarlar İnterpol xətti ilə axtarışa verilə bilər. Axtarışlar qırmızı, qara, sarı, mavi, narıncı və s. rəng istiqamətləndiriciləri üzrə həyata keçirilir. Qara istiqamətləndirici üzrə naməlum meyitlərin, sarı istiqamətləndirici üzrə itkin düşmüş şəxslərin, narıncı istiqamətləndirici üzrə terrorçuların, qırmızı istiqamətləndirici üzrə isə cinayət törətmiş şəxslərin axtarışı aparılır. Bu gün dünyada 186 ölkə İnterpolun üzvüdür. Azərbaycan da İnterpol ailəsinin üzvlərindən biridir. İnterpol təqsirləndirilən və axtarışda olan canilərin tutulması, itkin düşmüş şəxslərin yerinin müəyyənləşdirilməsi, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi, oğurlanmış milli, mədəni, tarixi sərvətlərin tapılması istiqamətində fəaliyyət göstərən orqandır. Azərbaycanda mövcud iqtisadi inkişaf hər bir sahədə olduğu kimi, bizim sahəmizə də müsbət təsir göstərir. Bu gün Azərbaycan İnterpolu yüksək səviyyədə texnikalarla təmin edilib. Bu da bizim həyata keçirdiyimiz əməliyyatlara müsbət təsir edən amillərdən sayılır. Bir faktı deyə bilərəm ki, biz hər hansı cinayətkar barədə 10-15 dəqiqə ərzində bütün dünyaya yayım verə bilirik.


- Azərbaycanın bu quruma üzv olan ölkələrlə əlaqələri hansı səviyyədədir?


- Azərbaycan İnterpol ailəsi üçün vacib ölkələrdən sayılır. Azərbaycan İnterpolun ildə bir dəfə keçirilən assambleyasında daxili işlər naziri səviyyəsində təmsil olunur. Tam səmimi deyirəm ki, Azərbaycan İnterpoluna və ölkəmizin hüquq-mühafizə orqanlarına dünya ölkələri çox hörmətlə yanaşır. Fəaliyyətimizlə əlaqədar dünyanın bır sıra nüfuzlu beynəlxalq təşkilatı ilə qarşılıqlı əməkdaşlıq edirik. Bu gün Azərbaycan terrorla mübarizə aparan ölkələrin içərisində ən öndə olan ölkələrdən sayılır.


- 2009-cu ildə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna neçə müraciət daxil olub?


- Ötən il Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna ölkənin hüquq-mühafizə orqanları tərəfindən 176 müraciət daxil olub. Onlardan 170-i təqsirləndirilən, 6 nəfəri isə itkin düşmüş şəxsdir. Ötən il İnterpol xətti ilə axtarışda olan azərbaycanlılardan 67 nəfərinin yeri müəyyən edilib. Həmin şəxslərdən 21-nin Rusiyada, 11-nin Türkiyədə, 6-nın Gürcüstanda, 6-nın Birləşmiş Ərəb Əmirliklərində, 5-nin İran İslam Respublikasında, 4-nün Ukraynada, 3-nün Amerika Birləşmiş Ştatlarında, 1-nin Estoniyada, 2-nin Almaniyada, 1-nin Macarıstanda, 1-nin Çexiyada, 1-nin İsveçrədə, 1-nin Özbəkistanda, 1-nin Yaponiyada, 1-nin Malayziyada, 1-nin Latviyada, 1-nin isə Qazaxıstanda gizləndiyi müəyyən olunub. Bu sadaladıqlarım onu göstərir ki, artıq cinayətkarların gizlənmə diapazonları da genişlənib. Buna baxmayaraq, biz onların tutularaq, məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi cəhdlə çalışırıq. 2009-cu ildə yeri müəyyən edilmiş cinayətkarlardan 14-ü tutularaq Azərbaycana gətirilib. Hazırda Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun icraatında 554 nəfər şəxs barəsində iş aparılır. Onlardan 497-si təqsirləndirilən, 57 nəfər isə itkin düşmüş şəxsdir.


- İnterpola üzv olan ölkələr tərəfindən axtarışa verilmiş şəxslərin tutulması istiqamətində tərəfinizdən hansı tədbirlər görülür?


- 2009-cu ildə İnterpola üzv olan ölkələr tərəfindən axtarılan şəxslərin tutulması istiqamətində də böyük işlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkələr tərəfindən beynəlxalq axtarışda olan 26 nəfərdən 23-ü tərəfimizdən tutularaq məsuliyyətə cəlb edilib. Qalan 3 nəfərin isə yeri müəyyən edilib. Həmçinin ötən il xarici ölkələrdən Milli Mərkəzi Büroya cinayət məsuliyyətinə cəlb olunan azərbaycanlılardan 931 nəfərin eyniləşməsi ilə bağlı sorğular daxil olub. Bunlardan 466-sı Türkiyədən, 62-si Rusiyadan, 35-i Almaniyadan və s. ölkələrdən olan sorğulardır. Daxil olan sorğulardan 335 nəfəri pasport rejiminin pozulması, 234 nəfər qaçaqmalçılıq, 83 nəfər sərhədi qanunsuz keçmə, 45 nəfər oğurluq, 11 nəfər isə dələduzluğa görə məsuliyyətə cəlb olunub. Daxil olan sorğulara əsasən, tərəfimizdən həmin şəxslərin şəkilləri və ya barmaq izləri eyniləşdirilib və nəticəsi barədə həmin ölkələrə cavab göndərilib. Bundan əlavə, oğurlanmış avtonəqliyyat vasitələrinin axtarışı ilə bağlı 41 min 250 müraciətə baxılıb. Bu müraciətlərlə bağlı aparılan yoxlamalar nəticəsində xarici ölkələrdə oğurlanmış 25 avtomaşının Azərbaycanda olduğu müəyyən edilib.


- “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin tutulması istiqamətində İnterpol hansı işləri görür?


- İnterpolun Milli Mərkəzi Bürosunun və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış
İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən edilib. Onlar Gürcüstan vətəndaşlarıdır və hazırda bu ölkədə gizlənirlər. Siz bilməlisiniz ki, bir çox ölkənin qanunvericiliyə əsasən, cinayət törətmiş hər hansı ölkənin vətəndaşı başqa ölkəyə verilmir. Bu, yalnız hər hansı iki ölkə arasında hüquqi anlaşma olarsa, gerçəkləşə bilər. Mövcud qanunvericiliyə əsasən, başqa ölkədə cinayət törətmiş şəxs axtarılırsa, həmin şəxs hansı ölkənin vətəndaşıdırsa, elə o ölkədə də məsuliyyətə cəlb edilə bilər. Buna baxmayaq, Azərbaycan hüquq-mühafizə orqanları Elmar Hüseynovun qətlində təqsirləndirilən Tahir Xubanov və Teymuraz Əliyevin tutulması istiqamətində intensiv danışıqlar aparır. Gürcüstan hüquq-mühafizə orqanları ilə aparılan danışıqlara baxmayaraq, bu günədək həmin şəxslərin Azərbaycana verilməsi hələlik təmin edilməyib. İnanıram ki, Gürcüstan tərəfi həmin şəxslərin barəsində tezliklə yekun qərar verəcək.


- Rəsul Quliyevin barəsində də uzun müddətdir, İnterpol vasitəsilə beynəlxalq axtarış elan edib. Onun yeri və yaşadığı məkan məlumdur. Belə olan təqdirdə İnterpol onu niyə həbs etmir?


- Bilirsiniz ki, kimlərsə bu məsələləri siyasiləşdirir. Lakin polis orqanları heç vaxt siyasətə qarışmır. Rəsul Quliyev Azərbaycanda cinayət törədib qaçan şəxslərdən biridir. O, dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Rəsul Quliyev bu gün İnterpol tərəfindən qırmızı istiqamətləndirici üzrə axtarılır. Lakin onu da qeyd etməliyəm ki, Azərbaycanla ABŞ arasında hüquqi yardım haqqında qarşılıqlı anlaşma yoxdur. Məhz buna görə biz onu ABŞ-dan ala bilmirik. O və onun kimi axtarışda olan digər şəxslər də elə bilirlər ki, hansısa ölkə onları himayə edirsə, biz onları heç vaxt tuta bilməyəcəyik. Bu, belə deyil. Dovşan kimi qaçıb hansısa ölkədə gizlənməklə iş bitmir. Rəsul Quliyev üçüncü ölkəyə keçən kimi tutulacaq. Mən bir daha onlara səslənirəm, yaxşı olar ki, dovşan kimi, qorxudan hansısa ölkəyə sığınmaqdansa, gəlib təslim olsunlar. Bu, axtarışda olan hər bir cinayətkar üçün xeyirlidir. Hüquq-mühafizə orqanları belə şeyləri hər zaman nəzərə alır.


- Ayaz Mütəllibov və Əbdürrəhman Vəzirovun gətirilməsi necə....


- Onlarla da bağlı eyni problemlər mövcuddur. Onların hərəsi bir ölkədədir və bizim müraciətlərimizə baxmayaraq, hələlik həmin şəxslərin də Azərbaycana verilməsi təmin olunmur.


- Akademik Ziya Bünyadovun qətlində təqsirli bilinərək barəsində axtarış elan olunmuş Tariyel Ramazanov, Cavanşir Aslanov və Elçin Dədəyevin gizləndiyi yer müəyyən edilibmi?


- Onların hamısının yeri müəyyənləşib. Həmin şəxslərin tutulması üçün bir çox xarici ölkədə əməliyyat tədbirləri də həyata keçirilir. Mən əməliyyat sirri olduğundan onların gizləndiyi yerləri açıqlaya bilməyəcəm. Daxili işlər naziri, cənab Ramil Usubov da hər zaman axtarışda olan şəxslərlə maraqlanır. Hər bir iclasda bizdən onları bir-bir xəbər alır. Sizi əmin edirəm ki, sadaladığınız şəxslərin hamısı tutularaq Azərbaycana gətiriləcək. Sadəcə, bunun üçün bir az zaman lazımdır.


- Axtarışda olan cinayətkar haqqında məlumatların və onların fotosunun mətbuatda yayılması işinizə necə təsir göstərir?


- Bu baxır istintaq-əməliyyat qrupunun fikrinə... Əgər istintaq qrupu fikirləşirsə ki, bu, işin ziyanına ola bilər, o zaman cinayətkarın fotosunu qətiyyən yaymaq olmaz. Yox, əgər xeyrinə olacaqsa, bundan istifadə etmək lazımdır. Axtarışda olan cinayətkarın şəklinin mətbuata verilməsi ilə hansısa vətəndaşın köməkliyi sayəsində həmin şəxsin tutulmasına yardım etmək olar. Bir daha deyirəm bu istintaq qrupunun gəldiyi ortaq qərarla həyata keçirilməlidir.


- Müdafiə nazirinin müavini general-leytenant Rail Rzayevin qətlindən bir il ötdü. Əməliyyat-istintaq qrupu generalı qətlə yetirməkdə şübhəli bilinən şəxsin fotorobotunu da hazırlayıb. Həmin şəxsin müəyyən edilərək tutulması istiqamətində İnterpol tərəfindən hansısa tədbirlər həyata keçirilir?


- Bu məsələ ilə bağlı ölkənin hüquq-mühafizə orqanları İnterpolla birgə çox ciddi işlər görür. Bilirsiniz ki, generalın qətli ilə bağlı aparılan cinayət işinin istintaqı ölkə başçısı cənab İlham Əliyevin birbaşa nəzarətindədir. Mən aparılan istintaq tədbirləri haqqında ətraflı məlumat vermək səlahiyyətlərində olmadığım üçün geniş danışa bilməyəcəyəm. Təkcə onu deyə bilərəm ki, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri bu işlə ciddi məşğul olurlar. Hüquq-mühafizə orqanları məlum hadisə ilə bağlı bu günədək İnterpolla əlaqəli çox ciddi tədbirlər həyata keçirib. Bu tədbirlər bu gün də davam etdirilir. İnanıram ki, yaxın zamanlarda ciddi nəticələr əldə olunacaq.


- Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı həbs edilənlərin hamısı Gürcüstan vətəndaşıdır. Bu cinayət hadisəsi ilə əlaqədar axtarışda qalan varmı?


- O hadisə ilə bağlı axtarışda qalan yoxdur. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun
əməkdaşlarından ibarət istintaq qrupu bu işlə əlaqədar Gürcüstanda çox ciddi əməliyyat tədbirləri həyata keçirib. Gürcüstan hüquq-mühafizə orqanları da bu işdə bizə çox köməklik göstərdi. Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisə ilə bağlı günahkar olan şəxslərin hamısı müəyyən edilərək məsuliyyətə cəlb olunub.


- Son illər Şimali Qafqazda baş verən hadisələrlə bağlı cinayət törətmiş şəxslərin tapılması istiqamətində qonşu ölkələrdən Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciətlər daxil olubmu?


- Bəli, sadaladığınız hadisələrlə bağlı qonşu ölkələrdən bizə tez-tez müraciətlər olur. Biz də öz növbəmizdə bunları aidiyyəti üzrə digər təşkilatlara yönəldirik. Bizim təşkilatlar da bu istiqamətdə uğurlu əməliyyat tədbirləri həyata keçirirlər. Həmçinin hər hansı əməliyyat məlumatları onlarda varsa, biz bu məlumatları həmin ölkələrə ötürürük. Bir sözlə, İnterpol tərəfindən bu istiqamətdə də yüksək səviyyədə işlər görülür.


- Türkiyə PKK terror təşkilatının törətdiyi cinayətlərdən əziyyət çəkir. Yəqin ki, bu ölkə həmin terrorçularının tutulması üçün Milli Mərkəzi Büroya da müraciət edib. İnterpol xətti ilə Azərbaycanda PKK terrorçularından tutulanlar varmı?


- Türkiyə tərəfindən axtarışda olan hər bir PKK terrorçusu barədə bizə mütəmadi məlumat daxil olur. Biz də müvafiq hüquq-mühafizə orqanlarına bununla bağlı məlumatları ötürürük. Tam açıqlama verə bilməsəm də, deyə bilərəm ki, Azərbaycanda PKK terrorçularından tutulanlar olub.


- Ermənilər tərəfindən xalqımıza qarşı kütləvi qətllər, terror aktları törədilib. Azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərdə bilavasitə iştirak edən şəxslərin bəziləri hətta bu gün Ermənistan hakimiyyətində yüksək vəzifələrdə təmsil olunurlar. Azərbaycan həmin şəxslərin tutularaq məsuliyyətə cəlb olunması üçün İnterpola da müraciət edib. Dünyanın böyük nüfuza malik təşkilatı olan İnterpol həmin cinayətkarların ifşa edilməsində niyə passivlik nümayiş etdirir?


- İnterpol bəzi məsələlərdə çox ehtiyatlı davranır. İnterpolun Baş Katibliyinin Əsasnaməsinə görə, siyasi, hərbi, dini və irqi cinayətlər törətmiş şəxslər axtarışa götürülmür. Məsələn, beş nəfər oğurluq edibsə və onlardan biri hərbçidirsə, bu işə hərbi tribunalda baxılmalıdır. Biz onları başa sala bilmirik ki, bu, adi cinayət hadisəsidir. Bunun hərbiyə heç bir aidiyyəti yoxdur. Bir daha deyirəm ki, İnterpol bu məsələlərə çox həssaslıqla yanaşır. Bəli, ermənilərdən törətdikləri cinayət əməllərinə görə, beynəlxalq axtarışa verilən çoxdur. Ümid edirik ki, onların hər biri törətdikləri əməllərə görə, qanun qarşısında cavab verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1711

Oxşar yazılar