Üzərində “SOCAR” sözü yazılmış xüsusi geyim formasında olan şəxs mənzilləri gəzərək qaz sayğaclarında sızmanın olmasını, sayğacın qüsurla işləməsini və digər səbəblər irəli sürməklə sayğacın dəyişdirilməsi adı ilə abonentlərdən pul yığır.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a məlumat verilib. Faktla əlaqədar qurum əhalini diqqətli olmağa çağırır.
Belə ki, “Azəriqaz”ın 104/185 Çağrı Mərkəzinə Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski və B.Nuriyev küçəsində yaşayan bir neçə nəfər zəng edərək bu şəxsin onlardan müxtəlif məbləğlərdə - 15, 30 və 50 manat aldıqlarını deyiblər. Məlumat verən vətəndaşlar həmin şəxsin orta boylu, dolu, gözlərinin çəp olduğunu, özünü “Azəriqaz”ın əməkdaşı İlkin Əsgərov kimi təqdim etdiyini bildiriblər. O, əlindəki kitabçaya vətəndaşlardan aldığı pulun məbləği barədə qeydlər aparıb.
Bu gün isə həmin dələduz Səbail rayonu ərazisində görünüb. “Azəriqaz”ın 104/185 Çağrı Mərkəzi haqqında danışan dələduzun fotosunu əldə edə bilib. Məlum olub ki, fotoda görünən şəxs bir müddət əvvəl Gəncə şəhəri ərazisində də eyni əməlləri törədib. Gəncə Regional qaz istismarı İdarəsi onu yaxalayaraq polisə təqdim edib. Lakin o bir qədər sonra yenə eyni əməlləri törətməyə başlayıb. Vətəndaşlara təqdim etdiyi mobil nömrələr isə dələduzluq etdiyi ərazidəki bərbərxana, ayaqqabı təmirxanaları, dərzi sexləri və digər yerlərin üzərində yazılan nömrələr olub.
“Azəriqaz” abonentlərə müraciət edərək belə şəxslərə inanmamağı tövsiyə edir. Bir daha bəyan edirik ki, hər hansı xidmətə görə hətta Birliyin əməkdaşlarının da mənzildə abonentdən vəsait tələb etməsi qanunsuzdur.