“Toya gələn qonaqlarla oturmuşduq, birdən ermənilər doluşdu evə...” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
14 iyun 2016 11:49 (UTC +04:00)

“Toya gələn qonaqlarla oturmuşduq, birdən ermənilər doluşdu evə...” - ƏSİR DÜŞƏRGƏSİ

 

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun...

 

 

(Əvvəli burada: I hissəII hissəIII hissə, IV hissəV hissəVI hissə, VII hissə, VIII hissə)

 

IX hissə

 

- Qadınları da elə döyürdülər?

 

- Qadınlı-kişili bir kamerada saxlanılırdıq. Hamıya eyni əzabı verirdilər... Qadınların çoxu yaşlı idi... Ağdamdan bir qoca qadın var idi, səhv etmirəmsə adı Pəri idi... O vaxtlar təxminən 90 yaşı olardı... Qarı o qədər arıq idi ki... Əsirliyin sonuncu günü öldü... Rəsmən acından öldü. 10 gün ərzində yeməyə heç nə vermədilər. Dəyişdiriləndə, yəni bizim nəzarətimizdə olan əraziyə keçən kimi öldü... Mən, halsız-hərəkətsiz adam onun meyitini “Zil 131” markalı maşının üstündən götürüb, özümlə gətirdim. İlahi, aclıqdan, döyülməkdən addım atmağa taqətim yox idi, amma elə hesab edirdim ki, qucağımda heç üç kilo yük yoxdur... Qadın lap qupquru qurumuşdu... Mən onun sümüklərini gətirirdim...

 

- Həmin 40 nəfərin arasında sizin ailədən kimsə var idi?

 

- Tək idim. Bacım Gülcamal, körpəsi, qardaşım Tahir, həyat yoldaşı Səmayə, uşaqları, Məhəmməd əmim, uşaqları Cəmilə, Validə, İlhamə, Bəxtiyar, Fərman, o biri əmim oğlu Ələsgərin yoldaşı İmarət, oğlu Yadigar... hamısı qalmışdı. Tahirin yarası ağır idi deyə onu axıra qədər uşaq xəstəxanasında saxladılar. Tahir məndən böyükdür, 1956-cı ildəndir... İki oğlu bir qızı var idi, onlar da körpə uşaqlar idilər... Qızı yaralanmışdı, oğlanları yox. Yoldaşı da yaralanmamışdı. Həm də Babəki də onun yoldaşı saxladı...

 

- Babək – Afət müəllimənin körpəsi?

 

- Hə, Səmayə Afət müəllimənin baldızı idi, dedi ki, qardaşımın balası mənim balamdır. Afət yazıq da çox gənc idi, ilk körpəsi Babək idi, onun da hələ heç bir yaşı olmamışdı... Güllələr maşının şüşələrini cilik-cilik eləmişdi, o şüşə qırıqları da körpənin gözünə dolmuşdu. Mən maşından yerə enəndən sonra çevrilib gördüm, Babək Afətin qucağından ayağının altına düşmüşdü... Elə gəlinimiz Səmayə də uşağı oradan aldı qucağına, dedi öz kəsiyimdir, atmayacağam. Əsir düşəndə qardaşımın qızı Gülnaz itmişdi...

 

- Maşından qaçan qız...

 

- Hə, arxadan vurub kürəyindən yaralamışdılar. Sonra başqa istiqamətə aparmışdılar.  Bir müddətdən sonra gətirdilər ki, bu uşaq sizin maşından qaçıb... O vaxta qədər Səmayə öz balasını soraqlaya-soraqlaya, Babəki qucağından yerə qoymurdu... Tahirgil hardasa bir ilə yaxın qaldılar əsirlikdə, məndən təxminən üç ay sonra gəldilər. Babəki isə bir az tez dəyişmişdilər. Atası bizim maşında deyildi, sağ-salamat gəlib çıxmışdı, uşağı ona təhvil vermişdilər. İndi Bakıda yaşayır, 23 yaşı var, bir gözü görmür...

 

- Qardaşınızgili başqa yerə aparmışdılar, yoxsa...

 

- Onları axıra qədər Xankəndindəki uşaq xəstəxanasında saxlamışdılar. Onlar da orada əzab çəkmişdilər... Orada da asan deyildi... Girovlardan elələri var idi ki, elə onların özümüzünkülərə verdiyi əzab bəs idi...

 

- Necə?

 

- Bilirsiniz, çox hadisələr olmuşdu. Kiminin iradəsi zəif olur, kiminin psixikası... Eləsi var idi yaşadıqlarına görə başı pozulmuşdu... Onların vəziyyətindən istifadə edib, girovlarımızı özümüzünkülərin əli ilə incidirdilər... Bacım, qardaşım, əmim uşaqları orada çox çətinlik çəkdi. Qardaşım Tahirin sol gözünə qəlpə dəydiyi üçün bu gün də yumulmur... Dedilər içəridə damar qırılıb, qayıdanda da artıq gec idi... Özü necəsə bərpa olunmuşdu. Yatanda da gözü açıq qalır... Onurğa sütununda sinir damarına yaxın bir yerdə hələ də güllə qalır, əməliyyat etmək mümkün deyil...

 

Qoşqar danışmağa utansa da, ailə üzvləri bildirir ki, girovluqda bədənində, üzündə, dilində dəfələrlə siqaret söndürüblər. O günlərin izləri bu günə qədər də bədənində qalır... Əsirlikdən qayıdandan sonra azadlığa alışmaq da asan olmamışdı... Qohumları deyir ki, Qoşqar düz bir il onlara yalvarıb, onu döymələrini istəyib. Bədəni, ruhu hər gün amansız işgəncələrə, zərbələrə elə alışıbmış ki, “döyülmədən dayana bilmirəm” deyirmiş. Döyülmədiyi vaxtlarda hər an gəlib döyəcəklər qorxusu aman vermədiyindən, döyüldükdən sonra bədəni, düşüncəsi, ruhu dincəlirmiş...

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Gülcamal Hacıyeva 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

- Kişilərimizi aparıb ağır işlərdə işlədirdilər... Bizə isə yumaq vermişdilər ki, corab, jaket toxuyun... Neyləyək? Canımızın dərdindən toxuyurduq... Daha bilmirdik erməni əsgərinə toxuyuruq, kimə toxuyuruq... Toxuyanda çörək verirdilər... Elə şeylər baş verirdi ki... kimini döyür, kimini tapança ilə gözümüzün qabağında yaralayırdılar. Kişiləri sürüyüb aparırdılar... Elə olurdu, ölənlərin meyiti həftələrlə yanımızda qalırdı. Sonra gəlib üçüncü mərtəbədən aşağı, maşının üstünə atıb, aparıb Xocalının dərəsinə tökürdülər...

 

- Kimi yaraladılar?

 

- Yazıq Ofeliyanı... Orada bizi guya hava almağa eyvana çıxardırdılar. Xəstəxananın həyətindən keçən erməni əsgəri gördü dayanmışıq, götürdü atəş açdı. Öldürmək üçün yox, qorxutmaq üçün idi. Ofeliya balkonun məhəccərindən tutub dayanmışdı, güllə barmaqlarını apardı yazıq qızın... Əlində bu günə qədər də hissiyyat yoxdur... Necə gözəl qız idi Ofeliya... Qonşumuz idi, atasıgil guya bizim maşına mindirdi ki, sağ-salamat gəlib çıxsın... Ona görə də yanında ailədən heç kim yox idi, elə bir yerdə qalırdıq... Kəndin ən gözəl qızı idi, hamının gözü onda idi... Hərəmiz bir cür şikəst olmuşduq... Amma yenə də ölüm gözümüzdə deyildi... Ölümə nə var ki, başqa şeylərdən qorxurduq...

 

- Ətrafınızda ancaq sizin maşında olan qadınlar idi?

 

- Get-gedə adam artırdı... Ağdamı işğal edəndə iki yaşlı qadın tapıb gətirmişdilər. Yalan-gerçək dedilər guya Ağdamın dəlixanasından tutub gətiriblər. Bir tərəfdən də bu vicdansızlar qadınlarla elə davranırdı, ağıllı adamın başı pozulardı... O yaşlı qadınların başına gətirilməyən oyun qalmadı... Biz onlar üçün hamımız türk idik, heç birimizi sevmirdilər. Amma ağdamlılara qarşı daha amansız davranırdılar. Tibb bacısı dedi ki, ağdamdan tutduğumuz əsirlərin dırnağına qədər çəkib çıxartmışıq ki, bizə güllə atıblar. Elə təkcə gözümüzün qabağında iki yaşlı qadına elədikləri bəs idi ki, adamı dəhşət bürüyə...

 

- Adlarını xatırlayırsınız?

 

- Birinin adı Kamilə idi, o birinin adı Şərqiyyə... Onların ikisini ayrıca bir otağa salmışdılar, tək qalırdılar. Adamın yazığı gəlirdi... Birinin saçı elə gündə idi ki, başının biti az qala bizim palataya gəlirdi. Bir gün Kamilə xalaya yalvardım ki, gəl sənin başını qırxım. Oturtdum, saçın kəsdim... Ürəyimiz ağrıyırdı, ikisi də tez-tez dalaşırdı, əl atıb bir-birinin saçını yolurdular... Çığırtıdan qulaq tutulurdu... Üstlərində duran polislər də qışqırıq səsi gələn kimi girib içəri döyüb çıxırdılar... Sonra onları apardılar, daha bilmədik haraya... Bilmədik dəyişdirdilər, ya yox...

 

***

 

Qadınları dəyişdirdilər... Kamilə haqqında heç bir məlumat əldə edə bilmədim, Şərqiyyə isə ağdamlılar üçün salınan çadır şəhərciyində məskunlaşıb. Sonradan Quzanlıda məcburi köçkünlər üçün tikilən evlərə köçürülüb. Ömrünün sonuna qədər, bir neçə il öncəyə qədər də orada tək-tənha yaşayıb...

 

Qonşuları xatırlayır: “Nə qədər yardım etmək istəsək də, heç kimdən heç nə qəbul etmirdi. Çox mərd qadın idi... Hamımızı qapıdan qaytarırdı ki, yaxşılıq etmək istəyirsiniz, gedin təqaüd almayanlara edin, mən təqaüd alıram... Nə olsun ki, heç kimim yoxdur... Heç kəsə möhtac deyiləm... Biz dəqiq bilmirdik Ağdamda ruhi xəstəxanada yatıb, ya yox. Tam da dəli kimi deyildi, özünə qapanıb yaşayırdı. Onu qınamaq da olmaz... Hərdən əsirlikdə başına gələnləri danışır, elə ağlayırdı ki, ürəyimiz dağlanırdı... Əgər doğrudan da ruhu xəstə idisə, çox güclü insan imiş... Onun danışdıqlarına hər qadın dayana bilməzdi... Biz hərdən düşünürdük ki, bu qəribəlikləri də elə əsirlikdən sonra yaranıb... Qəribəlik deyəndə ki, heç kimə ziyan vermirdi, sadəcə özünə qapanmışdı...”

 

Yaz gələndə alaq otlarını toplayıb, qonşu qadına verər, xahiş edərmiş: “Bunları mənim üçün qovur...”

 

Qadın xatırlayır: Hərdən oturduğu yerdə əsirliyindən danışıb, ağlayırdı. Sakitləşdirmək də olmurdu. Ürəyi boşalana qədər deyib, ağlayırdı... Deyirdi heç vaxt ailə qurmayıb... Deyirdi nə bilim qismətimdə bu yaşda erməni əlinə düşmək var imiş...

 

***

 

- Gülcamal xanım, Xankəndi uşaq xəstəxanasında saxlanılan girovlardan ayrı kimləri xatırlayırsınız?

 

- Fizulidən bir qız var idi... Dörd nəfərlə birlikdə girov düşmüşdülər. Onlar ailəlikcə əsgər yanına gələndə, dumana düşüb, yolu azıb, düz erməni postuna gəlib çıxıblar... Qoca arvad, kişi, cavan oğlan, bir də cavan qız... Qız neçə dəfə intihar etmək istədi, biz qoymadıq... Deyirdik burada hərənin özündən böyük dərdi var, qismətlə barışmaq lazımdır... Göstərirdim ki, bax, körpəmi nə günə qoyublar... Ağlayıb, bizə dərdini danışdı... Mən belə, bətnimdə erməni körpəsi ilə geri necə qayıdaram deyirdi... Sonra... sonra erməni həkimləri aparıb uşağını tələf elədilər... Füzulidən bir gəlin də gətirmişdilər...

 

- Füzulinin kəndindən... Toyda girov götürülən ailə...

 

- Hə, hə. Onlar da ailəlikcə bir palatada qalırdılar... Qadın idi üç qızı ilə... Sonra qızın Bakıdan toya qonaq gələn bibiləri... Hamısı əri-uşağı ilə birlikdə... Onların kişilərinə də çox işgəncə vermişdilər. Qızın atasını döyüb öldürmüşdülər... Qız stress içində idi, bütün günü başını aşağı salıb susurdu...

 

***

 

“Əsir düşərgəsi”nin ilk bölümləri yayımlanandan sonra, o ailəni axtarmağa başlamışdım. Axtarışlarım il yarım sonra nəticə verdi. Bakıdan kənarda yaşayırdılar. İsti bir yay gecəsi qapılarını döydüm. Yaşlı, çox cansız qadın yataqxananın yarımqaranlıq, təmirsiz otağında stolun başında oturmuşdu. Əlindəki zərfi oynadır, gözlərini ondan çəkmir, sanki açmağa tərəddüd edirdi... Nəhayət, baxışlarını zərfdən qaldırıb, mənə baxdı:

 

- Toy dəvətnaməsidir... Qonşu verdi...

 

Boğazım qurudu, söhbətə körpü salmaq üçün söz tapmadım. İlk dəfə idi ki, müsahibin evində söhbətə haradan başlayacağımı bilmirdim. Təklif gözləmədən, yanımdakı stula çökdüm. Üz-üzə idik, mən ona, o isə zərfə baxırdı... Diktofonumu yandırıb, stolun üstünə qoydum. Bilmirdim nə deyim ki, gözlərini zərfdən çəksin. Barmaqlarını zərfin dörd tərəfinə sürtür, aram-aram danışırdı:

 

- Neçə vaxtdır xəstəxanadayam, ürəyimdən müalicə olunurdum. Bu gün çıxmışam... Gəldim ki, qonşu qızına toy edir...

 

Yenə susdu... Əslində mən mövzunu toydan uzaqlaşdırmaq istəyir, onu yaxından tanımağı arzulayırdım. Amma bir neçə dəqiqə gecikmişdim. Qonşu məni qabaqlayıb, öz dəvətnaməsi ilə aləmi qatmış, qadının əhvalını korlamış, onu məndən öncə illər əvvələ aparmışdı... Bir neçə gün öncə telefonda mənə “Xəstəxanadan çıxım, gəl, ətraflı danışaq, istəsən yanımdakı qohumları da çağıraram, yaxınlıqda yaşayırlar” deyən qadın, indi susmaq istəyirdi... Bilirdim, bütün günahlar dəvətnamədə idi... Nəhayət, özümdə güc tapıb:

 

- Dəvətnamə almaq... necə hissdir? – soruşdum. Sualımı eşidən kimi əlindəki zərfi qətiyyətlə kənara qoyub, əllərini çarpazladı:

 

- Bizim hadisəni həmişə toyla bağlayırlar. Amma elə deyil!

 

- Bəs necədir?

 

- Biz toyda əsir düşməmişik. Toy 1993-cü il, iyunun 27-də olub. Biz isə iyulun 2-də girov düşmüşük...

 

- Kənd işğal olunanda...

 

- Bəli!

 

Bu müsahibimin sön sözü oldu. Məni yola salmaq üçün ayağa qalxdı, mən isə hələ qalxmağı planlamırdım. Qadını ilyarım axtarmışam, kilometrlərlə yol gəlmişəm, hara gedəcəkdim? Mən oturuqlu, o ayaq üstdə söhbətə çəkdim, israr etdim, razı olmadı ki, olmadı... Söhbətə fotoqrafımız qarışdı, o da kömək etmədi. “Qızlarım böyüyüb, hərəsi bir evdir, istəmirəm bu haqda danışam” deyirdi. Nəhayət, son xahişimi etdim:

 

- BQXC nümayəndələri sizi görməyə gəlirdilər?

 

- Gəlirdilər.

 

- Onlardan yadınızda qalanı var?

 

- Yox! Heç nə yadımda qalmayıb...

 

- Sonuncu xahişim, bir şəkil göstərəcəyəm, şəkildəki adamı tanıyıb tanımadığınızı deyin, çıxıb gedim.

 

- O günlərdən heç kim, heç nə yadımda qalmayıb!

 

- Siz sadəcə baxın, sonra deyin ki, tanımadım...

 

- Yaxşı...

 

Qadın gözlərində “onsuz da tanımayacağam, tanısam da, danışmayacağam” ifadəsi ilə qarşımda dayandı. Pyer Reyçelin telefonumdakı şəklini ona uzatdım:

 

- Xahiş edirəm, diqqətlə baxın, yadınıza düşür?

 

Şəkli görən kimi əlləri, dodaqları titrədi... Bu dəfə qadın qarşımdakı stula çökdü... Qapının qarşısında əyilib ayaqqabısının iplərini bağlayan fotoqrafımız surətlə ipləri açmağa başladı... Geri döndü... Qadın gözlərini Pyerdən çəkmədən, sözləri bir-birinin ardınca düzürdü:

 

- Odur... Adını bilmirdim... Amma bu adam orda bizim həm atamız idi, həm anamız... İldən çox əsirlikdə qalandan sonra bizi adam yerinə qoyan, halımızı soruşan, dadımıza çatan bircə o idi... O olmasa, Allah bilir, necə olardıq... Ona qədər biz “Qırmızı Xaç” verən sabunları ermənilərə verib, əvəzində yemək alırdıq... Yoxsa ermənilər heç “Qırmızı Xaç”ın yeməklərini də bizə vermirdilər... Bu adam gələndən sonra həyatımız dəyişdi... Ona qədər bütün günü uşaq xəstəxanasının palatasında dustaq kimi qorxumuzdan əsə-əsə otururduq ki, indi gəlib hamımızı öldürəcəklər...

 

- Nə vaxt əsir düşdünüz?

 

- Evimizdə ilk xeyir iş idi, böyük qızımın toyu idi, Bakıdakı bütün qohumlar gəlmişdi. Yoldaşımgil dörd qardaş idilər, qayınlarım, yoldaşları, uşaqları... Hamımız evdə idik... Vəziyyət yaxşı deyildi, dedilər mümkün qədər tez çıxaq kənddən. Biz də tələsik yığışırdıq ki, Bakıya gələk... Deyirdik birdən atıb-eləyərlər, qonaqlar bizə görə gəlib, qorxarlar, yaxşı düşməz... Elə bu vaxt əllərində silah doluşdular evə... Qəfil qışqırdılar ki, “əllər yuxarı!” Donub qaldıq... Başladılar pəncərələrin şüşəsini sındırmağa. Dedilər ki, sizdə adamlarımız var, onları geri almaq üçün hamınızı aparmalıyıq... Dedik yəqin bir neçə saata dəyişilərik yəqin... Elə ayaqyalın, əllərimiz boynumuzun arxasında düşdük bunların qabağına...

 

- Neçə nəfər idiniz?

 

- Təkcə bizim evdən 21 nəfər... Dörd qardaş, həyat yoldaşları, hərənin də üç uşağı... Bir də başqa bir kişi idi. Amma kəndin içi ilə getdikcə yoldan tutduqları adamları da bizə qatırdılar. Piyada xeyli yol gedəndən sonra bizi köhnə bir UAZ-ın arxasına mindirdilər... Gətirib hamımızı yığdılar Xankəndindəki uşaq xəstəxanasına... Sonra kişilərimizi bizdən ayırıb, apardılar... Sonradan bildik ki, Şuşa həbsxanasına aparıblar... Qaldıq biz qadınlar, uşaqlarla...

 

- Kişilərinizdən xəbər tuta bilirdiniz?

 

- Yox, ancaq BQXC məktub gətirib-aparırdı... Oktyabrın 11-də həyat yoldaşımın ölüm xəbərini gətirdilər... Dedilər ayın 7-də ölüb... Deyən olmadı niyə ölüb, nədən ölüb, öldürüblər, yoxsa işgəncələrə dözməyib... Heç nə deyən olmadı... Qaldım üç qızımla baş-başa... Hər yandan ümidimi üzdüm...

 

- Yoldaşınızın neçə yaşı var idi?

 

- Onun 45, mənim 39. BQXC nümayəndələri sağ olsunlar, rəhmətliyin qırxına bir gün qalmış məni bir məzarın üstünə aparıb dedilər “burada dəfn edilib”. Dedilər, “arxayın olun, burada əmanətdir. Nə vaxt dəyişdirilsəniz, onu da özünüzlə çıxardıb apararsınız”. Biz də özbaşına deyilik ki... Gərək razılaşma ola...

 

- Harada dəfn etmişdilər?

 

- Şuşa qəbiristanlığında... Dedilər, Şuşa həbsxanasında ölən əsirlərin hamısını orada dəfn ediblər... İçimizdə bircə yoldaşım öldü... Qalan hamımızı qaytardılar... Qayıdandan sonra burada rəhmətə gedəni də oldu... Qaynım arvadı bir ildir vəfat etdi... O vaxt dörd yaşı olan qızını ərə verdi... Amma oğlunun toyunu görə bilmədi...

 

- Sizin ailədəki kişilərin hamısı Şuşa həbsxanasında idi, yoldaşınızın necə öldüyünü onlar demədi?

 

- Biri tez dəyişdirildi, o birilər isə elə türmədə olanda yoldaşım rəhmətə gedib. Nə bilim, mənə demədilər... Dedilər guya bunları ayrı-ayrı saxlayırmışlar... Heç bir məlumat yoxdur... Bəlkə də bilirlər, mənə demədilər... Onun məktubunu aldım, mən də ona məktub yazdım. Dedim ki, nigaran qalma, yaxşıyam, qızlar da yaxşıdır... Onsuz da artıq söz yazmağa imkan vermirdilər... İki gündən sonra isə ölüm xəbəri gəldi... Necə oldu, bilmədim... İl yarım qaldıq girovluqda... Bir gün “Qırmızı Xaç” gəldi ki, yeni qərara görə nə qədər qadın, uşaq var, dəyişdiririk. Bizi 24 nəfəri gətirib dəyişdirdilər. Bu şəkildəki oğlan özü iştirak etdi dəyişilməyimizdə...

 

- 24 girovun içində sizin ailədən başqa kimlər var idi?

 

- Uşaq bağçasında qalan o biri əsirlər... Qaytarılandan sonra anamın yanına gəldim. Anamla atam artıq bu yataqxanada məskunlaşmışdılar. Atam indi rəhmətə gedib, anamın isə gözləri tutulub, xəstədir... Mən xəstəxanaya düşəndə bacım aparıb, bir azdan gətirəcək... Bu otaq anamındır. Qızlarımı bu otaqda böyüdüb ərə vermişəm...

 

Nəhayət, ayağa qalxıram... Diktofonu söndürəndə Pyerin şəklinə bir də təbəssümlə baxıb, mənə qaytarır:

 

- Orda nə demişəmsə, hamısını silməyinizi istəyirəm. İndi dörd nəvəm var, böyük qızımın oğlu universitetdə oxuyur... İstəmirəm hər şeyi olduğu kimi oxuyub bilsinlər...

 

- Ailələrinin taleyini nəvələrdən niyə gizlədirsiniz ki? İllərlə bu haqda kimsə danışmayıb. Həqiqəti bilmək gənclərin haqqı deyilmi? Uşaqlar niyə babalarının nələr yaşadıqlarını bilməsinlər?

 

Üzümə baxıb, gülümsündü:

 

- Baxın də, mən hər şeyi danışdım. Qalanını sizin vicdanınıza buraxıram... İstəyirəm ki, yazsanız da, hadisənin üstündən ötəri keçəsiniz...

 

Bu, bir ananın ricası idi... Onun səmimiyyəti qarşısında edə biləcəyim tək şey elə oradaca diktofondakı səs yazısını silmək idi... Əgər bu gün müsahiblərim o ailəni xatırlamasa, bəlkə bunları da yazmayacaqdım... Amma onun xahişinə əməl etdim – “Əsir düşərgəsi”ndə ilk dəfə olaraq müsahibi anonim saxladım. Hadisələri isə qısa bir söhbət içində, onun dediyi kimi “üstündən ötərək” keçdim... Ümid edirəm, bunu mənə tarix də, oxucu da bağışlayacaq...

 

***

 

Gecədir... Bütün evlərdə işıq sönüb, qonşular yatıb... Quşların ara-sıra eşidilən səsi kəndin sükutunu pozur. Qonşu otaqda Qoşqarla Gülcamalın həyat yoldaşı söhbət edir. Mətbəxdə Gülcamal məni səhər bişirdiyi qutaba qonaq etməyə çalışır, mən isə israrla, “Yemək istəmirəm, o günlərdən danışın” deyirəm...

 

- Nə danışım axı? Balamı şikəst eləyib verdilər qucağıma... Nə danışım... Yada salınası şeylər deyil... O xaraba qalmış uşaq xəstəxanasında gözlərimiz nələr görmədi...

 

- Yoldaşınızla məktublaşırdınız?

 

- Qutab yemirsən, onda heç olmasa kompot iç. Özüm hazırlamışam, tərtəmizdi. Yoxsa yemirsən, içmirsən, mən də narahat oluram, yadıma heç nəyi sala bilmirəm...

 

- Yaxşı, xatırlamanıza kömək edəcəksə, kompot içərəm...

 

Bir göz qırpımında kompot qarşımda hazır olur. Mən içə-içə Gülcamal xatırlayır...

 

- Yoldaşım hərbçi idi, Ağdaban döyüşlərində iştirak etmişdi... Mən isə anamgildə idim... Biz əsir düşəndən sonra yoldaşımgil Qəbələdə məskunlaşmışdılar... “Qırmızı Xaç” vasitəsi ilə məktublaşırdıq... Ya qismət, bir birimizi görək, ya görməyək deyirdik... BQXC hər gələndə şəklimizi çəkirdi, mən də hər məktubda uşağın şəklini atasına göndərirdim... Elə məktublarla yaşayırdıq...

 

- Nə yazırdı?

 

- Bizim əsir düşdüyümüzə görə vicdan əzabı çəkirdi... Hər məktubda üzr istəyirdi ki, sizin qarşınızda etibarsız çıxdım... Məktubları təzə yandırdım, saxlayırdım hamısını...

 

- Neçə yaşı var idi?

 

- 23... Məndən üç yaş böyükdür...

 

(Davamı olacaq...)

 

X hissədə:

 

- Evə təzə köçmüşdük. Demək olar ki, hər şey yeni idi. Qatı açılmamış yataq dəstlərimiz var idi. Təzələrindən bir neçəsini götürdüm ki, atamgili kəfənləyib dəfn edim... Elə evdən çıxmaq istəyəndə, gördüm o biri evdən bir erməni çıxıb, bizə sarı gəlir. Daha qapıdan çıxa bilməyib, geri qayıtdım...

 

- Məktubda yazılmışdı ki, “Ələkbər, biz filan yerdəyik, bilirik ki, siz də kahada gizlənmisiniz. Gəlin, sizi görmək istəyirik”. Gedəndə onları necə tapacağımızın parolunu yazmışdılar...

# 7573
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar