<span style="color:red;">Qan qoxuyan meşə, yanan Şuşa, "istəyirik başını kəsək"  - ƏSİR DÜŞƏRGƏSİ - I HİSSƏ
08 aprel 2015 11:49 (UTC +04:00)

Qan qoxuyan meşə, yanan Şuşa, "istəyirik başını kəsək" - ƏSİR DÜŞƏRGƏSİ - I HİSSƏ


Lent.az-ın rezonans yaratmış “Əsir düşərgəsi” layihəsi davam edir. Layihənin bu dönəmində də Vüsalə Məmmədovanın təqdimatında əsirlikdən qayıdan insanların hekayələrini yayımlayacağıq. O insanların ki, səhərlər avtobusda, metroda yanaşı əyləşib işə gedirik, mağazada onlardan nə isə alırıq, küçədə yanaşı addımlayırıq. Onları özümüz kimi sıradan vətəndaş sayırıq. Amma onlar bu ölkənin tarixinin canlı səhifələridir. Onları bir-bir çevirib oxumaq, dinləmək lazımdır. Lazımdır ki, gördükləri, bildikləri, yaşadıqları özləri ilə o dünyaya köçüb getməsin. Lazımdır ki, biz müharibəni unutmayaq! Çünki əgər müharibəni unutsaq, o geri qayıdacaq...

 

Yenə 23 il əvvəl, yenə o dəhşətli günlər... “Əsir düşərgəsinə” boylanmağa davam edirik.

 

...Axşam saat 9-a yaxınlaşırdı. Bizi də elə həyətdə qarşıladı. İşdən təzə qayıtmışdı:

 

- Bu haqda danışmaq asan deyil, bircə dəfə danışmışam, rəhmətlik Ceyhun Mirzəyevə...

 

- O adam sizsiz?

 

- Demirəm “Fəryad” filmi ancaq mənim başıma gələn hadisələr əsasında çəkilib. Amma bir çox kadrlar var ki, rəhmətlik olduğu kimi saxlayıb... Mən o filmə baxanda heç nə danışa bilmirəm. Ancaq ağlayıram...

 

İkinci mərtəbəyə qalxa-qalxa Ceyhun Mirzəyevlə görüşlərini xatırladı...

 

O danışdıqca yanında əyləşən anası gözünü silir, “Anan ölsün, ay bala, bunu heç bilmirdim” deyirdi. Anasını sakitləşdirmək üçün tez-tez zarafatla “Mama, çoxdan olub e...” və ya “Belə edirsən deyə sənə deməmişəm də” deyib, gülürdü...

 

Bütün yaşadıqlarına baxmayaraq, gülüşü üzünü tərk etməyən, ağrılarını belə zarafatla danışmağı bacaran bir xarakter sahibi ilə tanış olmuşdum. Gözləri nə qədər kədərli olsa da, təbəssümü üzünü tərk etməyən insanları sındırmaq mümkün deyil...

 

***

 

...Axşam saat təxminən on bir radələri olardı...

 

Elbrus evdə tək idi. Açılan yaylım atəşinə yerindən qalxmağa macal tapmamış, qəfil səs-küy qopdu və ətrafa doğma bir musiqi yayıldı.

 

“Nazilə” rəqsinin sədaları iliyinə kimi işlədi və bir anlıq harada olduğunu unutdu.

 

Belə atəş-fəşanlıq, çal-çağır, rəqs havası ancaq toyda ola bilərdi. Çəliyinə söykənə-söykənə pəncərəyə yaxınlaşdı. Zirzəmilərdən bayıra tökülən hər kəs qucaqlaşır, öpüşürdü. Yox, bu deyəsən toya oxşamırdı. Amma həyətdəki ab-havadan hiss olunurdu ki, önəmli bir hadisə baş verib.

 

Yəqin ki, çox vacib bayramlardan biri qeyd olunurdu...

 

Elbrus başını yuxarı qaldıranda donub qaldı. Pəncərədən aydın görünən dağın başı od tutub yanırdı.

 

Gecəki söhbəti xatırladı...

 

...İki iri cüssəli erməni yeyib içəndən sonra ev sahibi ilə sağollaşdılar. Sonra bir küncə çəkilən girova döndülər:

 

- Turk! Heç bilirsən hara gedirik?

 

- Yox...

 

- Yedik içdik, indi də gedirik Şuşanı almağa! Bizə uğur arzula!

 

Elbrus onların arxasınca öz-özünə, həm də bir əminliklə deyinmışdı: “Gedin, gedin. Bunu ancaq arzulaya bilərsiniz. Şuşa sizin qəbriniz olacaq. Oranı almağı asan bilirsiniz”.

 

İndi isə Şuşa odun alovun içində idi... Demək ki, işğal etmişdilər...

 

Elbrus götür-qoy edirdi:

 

“Dünyanın işinə bax. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacar səksən minlik qoşunla Şuşanı ala bilmədi. Yalnız iki ildən sonra İbrahimxəlil xanın xəyanəti nəticəsində şəhəri ələ keçirə bildi, onda da gecə ilə başı kəsildi. Amma bir cüt dığa, şahın iki ildə enə bilmədiyi Şuşanı vur-tut cəmi iki saata işğal etdi. Belə olmamalıydı. Burada böyük və tarixi bir xəyanət var. Şuşa getdisə, biz məğlub olduq. Bu, Azərbaycanın süqutudur”.

 

- Ey, turk, hara baxırsan?!

 

Geri çevriləndə qarşısında yaşı ötmüş, az qala ayaq üstdə əriyib tökülən qoca bir erməni gördü. Onunla ilk dəfəydi rastlaşırdı.

 

Elbrus girovluqda olduğu üç aya yaxın müddətdə heç vaxt bu qədər sarsılmamışdı. Yaşadığı hər şeyə rəğmən, hər dəfə başını qaldırıb pəncərədən yuxarı dağın başına baxanda ürəyi fərəhindən dağa dönürdü, – Şuşa Elbrusun son ümidi idi...

 

Qoca başı ilə pəncərəyə işarə elədi:

 

- Ara, niyə heyfslənirsən?

 

Elbrus güclə pıçıldadı:

 

- Niyə heyfslənməyim? Şuşanı yandırırlar...

 

- Özümüz bilərik, sənə nə var? Şuşanı mənim dədəm-babam tikib, indi yandırırıq, yaxşı edirik. O vaxt Pənahxan Şuşanı abadlaşdırmaq üçün İrəvan xanlığından yüz usta gətiribmiş. O qədər əziyyət çəkib işləyiblər. Görmüsən, bilirsən nələr tikiblər. Axırda xanınız razı qalıb soruşub ki, məndən nə istəyirsiniz, verim. Erməni ustaları da deyib ki, bizə torpaq verin, buralarda yaşayaq. Sizin xan əlini dərəyə, yəni bura, Xankəndinə uzadıb deyib ki, verdim, gedin oralarda yaşayın. Amma burda yox! Zamanında sizin xanınız bizə - böyük erməni xalqına layiq olduğumuz yerdə yer göstərsəydi, bu gün bir belə qan axmazdı.

 

Elbrusun cavab verməyə taqəti qalmamışdı. Küçələrə tökülüb bayram edən, çalıb oynayan, avtomatla atəş açan ermənilərin bu təm-tərağına çox tamaşa edə bilməyib, yerə çökdü. Qoca çıxıb getmişdi...

 

Gözlərini köhnə servantın şüşəsinə taxılmış Seyid Lazım Ağa ilə Seyid Fuğara Ağanın şəkillərinə zilləyib, sanki onlarla söhbət edirmiş kimi gileyləndi:

 

- Biz məğlub olduq. Şuşanı itirə bildiksə, məğlub olduq...

 

Həmişə Qarabağ camaatının cəddlərinə güvəndikləri, söz və nüfuz sahibi olmuş seyidlər isə lal sükutla, carəsiz, utancaq nəzərlərlə Elbrusa baxırdılar...

 

***

 

- Girov düşəndə neçə yaşınız var idi?

 

- 22. Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi idim, qiyabi təhsil alır, eyni zamanda da Xocalı milisində işləyirdim.

 

- Hadisə vaxtı işdə idiniz?

 

- Yox, mənim növbəm deyildi. Gecə on ikinin yarısında erməni hərbçiləri ilə Rusiyanın 366-cı motoatıcı alayı Xocalıya hücum edəndə evdə idim. Düşmən ağır texnika və iriçaplı silahlarla Xocalıya doluşdu. Hücum edib evləri yandırır, dinc əhalini öldürür, ya da girov götürürdülər. Əhali pərən-pərən düşdü. Adamlar evlərindən çıxıb, Kətik meşəsinə tərəf qaçırdı. Bizim ailə də onların arasında idi...

 

- Neçə nəfərlik ailəniz var idi?

 

- Məndən kiçik üç bacım da var, amma vəziyyət gərgin olduğundan onları Xocalıdan çıxartmışdıq. Atam, anam və mən camaata qoşulub, Kətik meşəsinə qaçdıq. Camaatın yarısı Qaraqaya tərəfə, yarısı isə meşənin içi ilə dağlara tərəf qaçırdı... Qar dizdən yuxarı idi, qaçmaq da olmurdu. Həmin gecəni meşədə qaldıq, səhəri günü axşam düşəndə mühasirəyə düşdük. Üç nəfər itki ilə mühasirədən çıxa bildik. Fevralın 27-də, axşam hava qaralanda bizi yenidən mühasirəyə alıb, əsir götürdülər...

 

- Neçə nəfər idiniz?

 

- Atam, anam, əmim, bibim və tanıdığımız daha səkkiz nəfər. Əmim artıq yeriyə bilmirdi... Aramızda 5-6 gənc də var idi. Ermənilər onları danışdıranda kəskin fərqlənən ləhcələrini görüb, “siz Xocalıdan deyilsiniz” dedilər.

 

- Kim idilər?

 

- Ahıska türkləri. Dedilər bizə elə siz lazımsınız, gəlin...

 

- Onları sizdən ayırdılar?

 

- Bəli. O gənclərin taleyi bu günə kimi də məlum deyil.

 

- Bəs sizi hara apardılar?

 

- Əsgəranın Dəhraz kəndinə... Orda gördük ki, Xocalıdan yalan olmasın, üç yüzə yaxın qadın, uşaq, qoca, cavan var... Hələ dedilər sizi gətirməzdən əvvəl on dörd gənci seçib apardılar...

 

- Dəhrazdakı donuz ferması. Arif dayıgilin saxlanıldığı yer...

 

- Bəli. Arif kişigillə bir yerdə olduq girovluqda. Amma sonra bizi ayırdılar.

 

- Onda siz girovlar arasından seçilib KAMAZ-la aparılan 35 nəfərin içində idiniz?

 

- Bəli. Mən, atam, əmim girovlar arasından seçilib KAMAZ-la Xocalıya gətirilən adamların içində idik...

 

***

 

Onlar girov kimi Xocalıya qaytarılanda, şəhər xarabalığa çevrilmişdi. Evlərdən tüstü qalxır, yanan yanıb, dağılan dağılmışdı. Toyuq-cücəyə qədər qarət olunmuşdu...

 

Fevralın 28-i idi. İki gün bəs etmişdi ki, burada daş-daş üstdə qalmasın. Yol boyu küçələrə səpilən meyitlərin sifətlərindən kimliklərini tanımaq mümkün olmurdu...

 

Erməni hərbçilərdən biri Elbrusa yaxınlaşdı:

 

- Sən, milisdə işləmisən!

 

- Mən tələbəyəm!

 

Hərbçi yaxınlıqdakı “Jiquli”dən bir dəstə sənəd çıxardı. Bir neçə dəqiqə sonra kağız-kuğuzun arasından axtarıb tapdığı hərbi bileti Elbrusa göstərdi:

 

- Abbasov Elbrus Ələmdar oğlu. Mənə yalan danışma, hamınızın sənədi əlimizdədir!

 

Baş idarə Xankəndində olduğundan, bütün sənədləri ordan ələ keçirmişdilər. Hərbçi Elbrusu çiynindən dartıb, “Jiquli”yə tərəf itələdi:

 

- Min maşına! Bu türk itini ayrı aparaq. Başına bax, əsl qəbir üstündə kəsilməlidir!

 

Elbrusu atası ilə əmisinin yanından ayırıb, maşına basdılar...

 

***

 

“Jiquli” Xankəndi bazarının yanındakı yolu dönüb, bir evin qarşısında dayandı. Elbrus burada işləmişdi deyə şəhəri yaxşı tanıyır, erməni dilini başa düşürdü. Yol boyu yanındakı ermənilər onun başını kəsmək üstdə mübahisə edirdilər. Biri birbaşa qəbristanlığa getməyi, o biri isə tələsməməyi məsləhət görürdü.

 

Elbrusu maşından düşürdüb, həyətdəki tut ağacının altına itələdilər. O ağacın dibində çöküb oturmuş, ətrafına isə bir neçə erməni hərbçisi toplaşmışdı. Evdən qara geyimli, başını qara ilə bağlamış təxminən altmış yaşlarında olan bir qadın çıxıb, ona yaxınlaşdı:

 

- Adın nədir?

 

- Elbrus.

 

- Mənim oğlumu niyə öldürmüsən?

 

- Mən qatil deyiləm, heç kimi öldürməmişəm...

 

- Siz türklər hamınız qatilsiniz! Hamınızı lənətə gələsiniz!

 

Qadın bunu deyib, hirslə Elbrusun üzünə tüpürdü. Qəzəbi soyumayan qadın oğlanı şillələməyə başladı:

 

- Lənətə gəlmiş türklər Şuşadan atəş açanda, oğlum evdə, bax, burda, bu həyətdə, qucağımda öldü! Onu siz öldürdünüz! Siz türklər hamınız qatilsiniz!

 

Qadın, evinə tərəf dönəndə hərbçilərdən biri soruşdu:

 

- Axçi, indi bu türkü neyləyək? İstəyirik başını kəsək...

 

- Öldürməyin! Əgər bilsəm ki, onun ölümü ilə oğlum diriləcək, onu öz əllərimlə öldürərəm!

 

Erməni hərbçilərdən biri irəli çıxıb, Elbrusun yaxasından tutub ayağa qaldırdı:

 

- Öldürmək lazım deyil. Türk köpəklərinə layiq elə gözəl ideyalarımız var ki, ölümdən min dəfə yaxşı. Mindirin maşına!

 

Onu yenidən “Jiquli”yə mindirib, Şuşaya gedən yolun üstündəki, Xankəndinin qum karxanasına gətirdilər. Burada bir dəstə hərbçi əlinə nə keçdisə, götürüb onun üstünə atıldı. Elbrus əlləri ilə gözünü qapamışdı...

 

Zərbələr o qədər güclü idi ki, bir azdan Elbrus nə qışqıra, nə də tərpənə bilirdi. Onu sürüyüb UAZ-a atdılar. Maşın yerindən tərpəndi.

 

...Elbrusu UAZ-dan sürüyüb qarın içinə atanda, ətrafı görə bilmirdi. Bura hündür divarla hasarlanmışdı. Başının üstündə iki nəfər əlində avtomat dayanmışdı. Ona hasarı göstərdilər:

 

- Get, dayan orda!

 

Yerindən qalxmağa çalışsa da bacarmır, yıxılırdı. Dizləri açılmır, addım ata bilmirdi. O, çətinliklə hasara tərəf sürünə - sürünə, divardakı qan izlərinə baxırdı: “Demək məndən də əvvəl bu divarda güllələnənlər olub... Görən heç bu insanların arasında ölümə rahat yeriyə biləni olub? Yoxsa hamısını ölməzdən əvvəl mənim halıma salıbmışlar?”

 

Sonunun çatdığını düşünən Elbrus ölümə sarı iməkləyirdi.

 

Ölümünə bir neçə addım qalmış, gəncin içində geri çevrilib, səmanı, ağacları, qarı, müharibələrin məhv etdiyi bu dünyanı bir də seyr etmək arzusu yarandı. Hələ onun həyatında geri dönüb baxacağı heç nəyi, heç kimi yox idi. O, özündən sonra qoya biləcəyi heç nə yaşamamışdı. Bütün həyatı hələ qabaqda idi. İndi isə ondan qabaqda, bir neçə addım irəlidə neçə-neçə gəncin sonu olan qanlı divar var idi. Arxada bir neçə erməni hərbçi onun yıxılaraq, sürünərək divara qədər getməsinə baxıb gülürdülər. Oğlanın geri boylandığını görüb soruşdular:

 

- Nədir türk, qorxursan?

 

Elbrus ağzını açmağa imkan tapmamış, avtomatdan açılan atəş Elbrusu yerindən qaldırıb, üzüstə qanlı divara çırpdı. Güllə ölümə doğru gedən son iki addımlıq yolu da təxirə saldı...

 

Güllə Elbrusun saçlarının arasından keçib, divara dəymişdi.

 

Hərbçilər siqaret çıxartdılar. Bir neçə dəfə yoxladılar, kibritləri yanmadı. Bir az uzaqda dayanan erməni kapitanı onlara yaxınlaşdı:

 

- Türk gətirmisiniz... Nə gözəl...

 

Hərbçilərin yanında dayanan kapitan təxminən əlli metr aralıdan, Elbrusu təpədən dırnağa qədər süzdü. Hərbçi yenidən onu nişan alıb, atəş açmaq istəyəndə, kapitan əlini qaldırdı:

 

- Lazım deyil, öldürmə!

 

- Kapitan...

 

- Dedim ki, öldürmə! Onu mənə verin!

 

Hərbçilər silahlarını aşağı salıb getdilər.

 

Kapitan Elbrusa yaxınlaşanda, o divara elə yapışıb qalmışdı ki, sanki divara mismarlanmışdı. Elbrus qarşısında dayanan kapitana baxdı. Bu, 1986-cı ildə, Xankəndində dişini çəkdirdiyi Valerik həkim idi. O vaxt hətta tanışlıqlarını süfrə arxasında qeyd etmişdilər.

 

Valerik Elbrusu tanımağı haqqında heç kimə heç nə demədi, amma öldürülməyinə də icazə vermədi.

 

Valerikin maşınına minəndə Elbrus onu ölümün ağzından alan kapitanla nə zamansa bir süfrə arxasında oturduğu günü xatırladı: “Düşmən olanda nə olar, hamısı pis deyil ki, içində insan olanı da var. Bir süfrədə kəsilən çörəyi unutmayanı da var. Altı il əvvəl hardan ağlıma gələrdi ki, gün gələcək, bu çörək məni ölümdən xilas edəcək... Demək ki, lap düşmənlə də olsa, kəsilən çörək heç vaxt itmir...”

 

Bir zamanların peşə məktəbi, indinin isə hərbi qərargahına çatanda Valerik maşından enib, hərbçilərə tapşırdı:

 

- Maşındakı türkün necə lazımdır, qulluğunda dayanın. Biz, nə zamansa çörək kəsmişik. Elə edin ki, bir süfrə arxasında yediyimiz o çörək tikə-tikə onun gözündən gəlsin!

 

Elbrusu sürüyüb atdıqları zirzəmidə o qədər döyür, incidir, işgəncə verirdilər ki,  öz-özlüyündə müəyyən edə bilmirdi, diş həkimi ölümdən xilas etməklə ona yaxşılıq edib, yoxsa... Bəlkə elə o divarda güllələnib, qanının o biri həmvətənlərinin qanına qarışması daha yaxşı ölüm idi, nəinki burada...

 

...Burada saxlanılan xocalılı qadınlara Elbrusu göstərib, onu tanıyıb tanımadıqlarını soruşanda, qadınlardan biri tez dilləndi:

 

- Ələmdar dayının oğludur. Bakıda universitetdə oxuyurdu. Yollar bağlı idi deyə, geriyə qayıda bilməmişdi...

 

Telman adlı girov isə (ad şərtidir) israr etdi:

 

- Yaxşı tanıyıram onu! OMON-çu idi. Döyüşürdü. Özü də raketləri o atırdı...

 

Telman orta məktəbdə erməni dilində təhsil aldığından ermənicə səlis danışa bilirdi. Girovlar haqqında bütün məlumatları ondan öyrənirdilər. O, özünün sağ qalması üçün nəinki istənilən faktı ermənilərə deməyə, hətta həmvətənlərinə şər də atmağa hazır idi. Onun ilk qurbanlarından biri Elbrus oldu. Telmanın “təqdimatından” sonra ermənilər Elbrusa cəhənnəm əzabı yaşatdlar. Onlar Elbrusu döyəndə, Telman bir kənara çəkilib zövq alırmış kimi zarıyan oğlanı seyr edirdi...

 

(Davamı olacaq)

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar