“15 yaşlı qızı saçlarından asmışdılar, əl-qol atırdı…” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
11 aprel 2016 14:33 (UTC +04:00)

“15 yaşlı qızı saçlarından asmışdılar, əl-qol atırdı…” - ƏSİR DÜŞƏRGƏSİ

 

 

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun...

 

(Əvvəli burada: I hissə)

 

II hissə

 

Erməni hərbçilər yaralıları, meyitləri yerə yığıb, onları necə edəcəklərini müzakirə edərkən, Ramil yavaş-yavaş maşının arxasına keçib, özünü yolun altından axan Tutqu çayına atdı. Uşağın özünü atdığını görən hərbçilər həmən istiqaməti atəşə tutdular…

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini İlhamə Quliyeva xatırlayır:

 

- Bizi maşınlara yığıb aparanda yolun kənarındakı ağacdan bir nəfər asılmışdı…

 

- Kim idi?

 

- Çox gənc bir qız idi… Olardı 15 yaşı… Gözəl idi, uzun, qara saçları var idi. Elə saçlarından asmışdılar, bədəni tərpənir, əl-qol atırdı… Yəni hələ ölməmişdi. Düz yanından keçdik, sağ idi… Sonradan dedilər ki, ermənilərdən kimsə ona sataşmaq istəyib, o da erməninin üzünə tüpürüb… Erməni deyib qorxmursan səni öldürərəm? Qız da deyib ki, öldür… O da aparıb saçlarından ağaca bağlayıb…

 

- Kim dedi?

 

- Sonradan ermənilər özləri bizə danışırdılar. Fəxrlə deyirdilər ki, o belə dedi, biz də belə etdik… Kim bizə cavab qaytarsa, payını alacaq…

 

***

 

Ramilin dizi çayın dibindəki ağac parçasına toxunub, yaralanmışdı. Yaralı ayağı ilə çabalayıb üzməyə çalışsa da, soyuq suda donduğundan əl-qol ata bilmir, həm də çayın iti axını ona imkan vermirdi. Çay onu Tutku çayının üstünə aşan söyüdün budaqlarına çırpanda Ramil ağacdan yapışdı. Çətinliklə birtəhər sahilə çıxdı. Sahildən isə yuxarı, yola qalxıb, bir az əvvəl maşınla çıxdıqları tunelə daxil oldu. İndi o hönkürərək, suyu dama-dama üzü kəndə sarı qaçır, yıxılır, yenidən qalxır, daha bərk qaçmağa çalışırdı...

 

Tuneldən çıxıb bir kolun kənarında nəfəsini dərmək istəyirdi ki, qəfil səsdən diksindi. Bu, yaxınlıqdakı ağaca qonan qarğa idi... Qarğa bayaqdan bəri rastlaşdığı yeganə canlı idi...

 

Ramil bir anlığa özünə təskinlik verib, tənhalığını unutdu, indi bu qarğadan yapışıb, kəndə qədər olan yolda onu özünə həyan etmək istəyirdi. Qarğanı tuta bilməsə də, bir müddət gözlərini ona dikib qaldı...

 

Qarğa uçub getdi. O isə yenidən kəndə doğru götürüldü.

 

Yolda tunelə doğru gedən maşınlara, qarşısına çıxan hərbçilərə ermənilərin tuneli tutduğunu, adamları girov apardığını deyirdi. Qısa zamanda hərbçilər bu məlumatı bütün kəndlərə yaydı. Təhlükəsizlik üçün tunel vasitəsi ilə Kəlbəcərə getməyə hazırlaşan 35 kəndin sakini indi nə edəcəyini düşünürdü...

 

Hərçənd ki, rayondan çıxmaq üçün Kəlbəcərə gəlmək heç də asan deyildi. Bir neçə gün öncə Bakıdan gələn helikopterlərlə qadınları, uşaqları çıxartmağa çalışmışdılar. Kəlbəcərlilərin əsl faciəsi də elə burada başlamışdı. Ekipajla birlikdə 30 sərnişin tutan helikopterə 55 nəfər minmişdi. Havaya qalxan helikopter dağlara çırpılanda... 55 kəlbəcərlidən cəmi doqquzu sağ qalmışdı...

 

Sonra baş verən hadisə isə bu faciənin acısını unutdurdu.

 

Kəlbəcərin mərkəzinə enən iki helikopter Gəncədən gəldiyini, Surət Hüseynova məxsus olduğunu bildirmişdi. Kişilər qadınlarını, qızlarını tez bu helikopterə mindirməyə can atırdı... Qadınları təhlükəsiz əraziyə çıxarmaq cəhdi o qədər güclü idi ki, sağollaşamağa macal qalmırdı. Pilotlar helikopterə minmək istəyən yaşlıları qadınlı-kişili kənara itələyir, “Sən gözlə, əvvəlcə cavan qadınlar! Onları düşmən əlinə düşməkdən qorumaq lazımdır!” deyirdi...

 

Helikopterlər səmaya qalxandan sonra kəlbəcərlilər erməni hiyləsinə aldandıqlarını başa düşsələr də, artıq gec idi. Hər iki helikopter Azərbaycanın dövlət sərhədini keçib, Ermənistana tərəf uçurdu...

 

Burada hətta “mən qızlarımı əlimlə ermənilərə əsir verdim” deyərək ov tüfəngi ilə özünü güllələyənlər də oldu...

 

İllər keçəcəkdi, amma həmən iki helikopter qadının taleyindən heç bir xəbər çıxmayacaqdı...

 

...Hələ ki, kənd sakinləri çıxış yolu axtarırdı... Martın 31-də şaxtası bıçaq kimi kəsən, qarı dizdən olan Murov dağına üz tutmaq intihar idi. Amma Murovdan başqa da ümid yeri yox idi...

 

...Roza bir stəkan süd isidib, Ramilə içirtdi. Eldar kişi evdəki “Quran”ı gətirib, oğlunun hələ də ovcunda bərk-bərk sıxdığı pulları alıb, kitabın arasına qoydu. Ailə üzvlərini və “Quran”ı götürüb, qapıları bağladı...

 

Əvvəlcə kimin ailəsindən girov düşən var idisə, tunelə üz tutdu. Sonra kəndin ağsaqqalları onları saxlayıb, bunun heç bir fayda verməyəcəyini dedi... Çarəsiz kənd camaatı hüzn içində kəndi tərk edib, Murova yollandı... Kəndin iki yaşlı sakini xəstə olduğu üçün yataqdan qalxa bilmədi... Qarının da, kişinin də övladları onları yataqlarında qoyub, üzlərindən öpüb, halallıq alıb, Murova üz tutdular...

 

Evlərini tərk edən sakinlər düşmənin nə qədər yaxınlıqda olduğunu hiss edərək tələsir, kəndi tərk etmək məcburiyyətində qaldıqlarından üzülür, Murovun keçilməz olduğunu bildiklərindən isə ləngiyirdilər...

 

Evlərində oturub girov düşməkdənsə, meşələrdə qurd-quşa yem olmağı üstün tutdular... Qarşıda onları bir həftəlik səfər gözləyirdi...

 

***

 

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev xatırlayır:

 

- Atamı getməyə güclə razı salmışdıq ki, tunelin bağlandığını görüb, geri qayıtdıq. Dağlarda qar əriməmişdi deyə, maşınla olan yolu gedə bilmədik. Ayaqla Murovu keçmək isə... Bunun mümkün olmadığını bilirdik... Birincisi, erməni hər tərəfdə idi, Murov da təhlükəli idi. Dağa üz tutanların nə qədəri yolu keçib gələ bildisə, elə o qədəri də yolda erməniyə rast gəldi... Dağda ölənlər çox oldu... Atəş açıblar... Biz sonradan bildik, dedilər kimisi elə uşaqlarının yanında, kimisi də körpəsi qucağında ölüb... Yaşlı adamlardan nə qədəri dağ yolunun çətinliyinə dözməyib ölüb... Ayağı yer tutanlar gedir, yaşlılar isə qalırmış... Ermənilər də gördükcə güllələyirmiş... Və bu insanların heç birinin meyitlərini çıxartmaq mümkün olmadı... Hamısı dağda qaldı... 23 ildir ki, yüzlərlə kəlbəcərli ata-anasının, bacı-qardaşının, balasının məzarını ziyarət edirmişlər kimi, üzü Murova dayanırlar...

 

- Murova üz tutan adamların arasında sizin ailə də var idi?

 

- Yox, biz gedə bilmədik. Atam xəstə idi, dedi mən dağla çıxa bilmərəm. Evin böyük oğlu mən idim, dedi sən uşaqları götür get, mən qalım evdə, nə olar, olar... Necə nə olar, olar? Atamı qoyub gedə bilərdim? Artıq ata idim, iki oğlum var idi. Övladın nə qədər şirin nemət olduğunu bilə-bilə atamı evdə kimsəsiz qoyub gedə bilməzdim... Düşündüm ki, ya hamımız gedəcəyik, ya heç birimiz...

 

- Kənddə qaldınız?

 

- Kəndə qayıtmaq da mümkün deyildi, kahalara çəkildik... Dedik buralarda birtəhər yaşayaq, gözləyək. Vəziyyət düzələr kəndə qayıdarıq, düzəlməz də yay gələndə Murovla çıxarıq... Beləcə, mühasirəyə düşdük...

 

- Neçə nəfər idiniz?

 

- Bizim ailə hamısı orada idi. Atam Məhəmməd, anam Zibeydə, 15 yaşlı bacım Aygün, 25 yaşlı qardaşım Surxay, həyat yoldaşı Arzu, körpə oğlu, mən, yoldaşım Nərgiz, 6 və 4 yaşlarında iki oğlum, bir də nişanlı qardaşım, 20 yaşlı Çingiz... Çingiz döyüşürdü. O vaxt da Ağdaban döyüşlərindən gəlmişdi ki, bizi çıxartsın... Nə bizi çıxarda bildi, nə də özü çıxa bildi... Qaldı bizimlə mühasirədə... Gəlinimiz Arzunun atası da bizimlə idi, bir də kənd camaatı... Qocalı, cavanlı, uşaqlı 60 nəfər idik...

 

***

 

4 gün qorxu içində kahalarda yaşadılar. Hələ ki, sakitlik idi... Evdən götürdükləri azuqə körpələri ovutmağa bəs edirdi. Gecələri kişilərdən bir neçəsi kahadan çıxıb yollara baxır, nə baş verdiyini öyrənmək istəyirdi. Aprelin 4-də, axşamtərəfi içi silahlı adamlarla dolu “Niva” maşını kəndi dolaşıb qayıdanda, Xasaygildə ilk ümid qığılcımları yarandı: “Ordumuzdur! Boşalmış kəndləri gəzib, evlərdə qalan adamları toplayırlar”.

 

Bu ümid onlara bir gecə rahat yatmaq imkanı verdi. Səhər tezdən isə həmən maşın, arxada isə bir neçə KamAZ kəndə daxil oldu. Ermənilər bir-bir evlərə doluşur, soyub, qarət edirdilər. Başlıbel camaatı çəkildikləri kahadan evlərinin necə boşaldılıb KamAZ-lara yükləndiyini izləyirdi. Kahadakı insanların sonuncu ümidi də öldü... Bu o demək idi ki, Kəlbəcər və ətraf kəndlər işğal olunub. Onların kahaya sığınıb xilas olmaq ehtimalı puç olmuşdu.

 

İndi bir yol qalırdı, yayın gəlişini gözləyib, qar əriyəndən sonra Murov dağa pənah aparmaq...

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva xatırlayır:

 

- Özümə gələndə xərəkdə idim. Yük yeri çox böyük olan bir maşın idi. Qardaşım İslam da yanımda, xərəkdə uzanıb... Atamı gördüm, uşaqlar hanı soruşdum... Ağlaya-ağlaya dedi ki, qorxma, onlar başqa maşındadırlar...

 

- Atanızdan və qardaşınızdan başqa ailədən yanınızda heç kim yox idi?

 

- Məndən böyük bacım başqa kənddə ərdə idi, anamla bir qardaşım kənddə qalmışdı ki, bir şey olsa, Murovla çıxsınlar... Qalan bütün ailə girov düşmüşdük. İndi hamı maşında idi, kiçik bacılarım Şahnaz ilə İlhamə, bir də qardaşım Fərmandan başqa.... Atam İlhamə ilə Fərmanın başqa maşında olduğunu deyəndə soruşdum ki, bəs Şahnaz hanı? Heç kim Şahnazdan xəbər verə bilmədi... Axı o mənimlə maşında qalmışdı... Şahnazı ən son görən mən idim... Nəbzini yoxlamağı düşünürdüm, amma huşumu itirdim... Elə bu vaxt maşın silkələndi, hiss olundu ki, təkərlərin altında nə isə qaldı. Erməni hərbçiləri gülərək bizə dedilər ki, sizin türklərdi, “köpüblər”, üstlərindən keçdik... və mən yenə huşumu itirdim...

 

***

 

Məhəmmədin 17 yaşlı oğlu Fərmanla 9 yaşlı qızı İlhaməni girovlardan ayırıb, “Villis” maşınına mindirmişdilər. Maşında onlardan başqa Müşfiqgilin maşınından girov götürülən 9 yaşlı Məzahir ilə 3 yaşlı Aygün də var idi. Girovlar arasında “Kəlbəcərli Qaranın uşaqları” kimi tanınan bu körpələri “Əsir düşərgəsi”nin oxucuları Müşfiqin qohumu Nəsibənin bacı-qardaşı kimi tanıyır. Güllə Aygünün qarnından dəyib, parçalamışdı. İlhamə körpənin qarnındakı açıq yarasına rəğmən yaşamaq uğrunda necə çaba sərf etdiyinə məəttəl qalmışdı. Onun deşilən bağırsaqları maşının oturacaqlarını batırırdı. Erməni sürücü can verən körpəyə baxıb, gülə-gülə başını buladı:

 

- Özü cəhənnəm, maşını batırdı!

 

Avtomobil Ağdərənin Drambon kəndindəki bir həyətdə dayananda İlhamə Aygünün çiynindən silkələdi:

 

- Bacı, deyəsən çatdıq... Qalx, qalx düşək...

 

Aygün artıq tərpənmirdi...

 

İlhamə qardaşı ilə maşından enəndə o biri maşından əmisi oğlu Talehi xərəkdə düşürürdülər. Fərmanla İlhamə gördükləri mənzərədən elə maşının önündəcə donub qalmışdılar. Taleh ağrıdan çabalayır, əl-qol atırdı, bir erməni hərbçisi isə süngü bıçağı ilə onun üstünə dağılan bağırsaqlarını qarnına yığırdı...

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Məhəmməd Quliyev xatırlayır:

 

- Oğlum İslam ağır idi, elə tez-tez “su, su” deyirdi... Ermənilər bizim qanımız axan çayın suyundan verdilər ki, içsin... Suya baxanda görürdün ki, qan bulaşıb... Balam o halda idi ki, o sudan içdi... Bizi Ağdərənin Drambon kəndinə gətirdilər... Artıq şər qarışırdı. Hamımızı ikimərtəbəli tikilinin zirzəmisinə yığdılar...

 

- Sizinlə necə davranırdılar?

 

- Deyiləsi deyil, qızım... Amma məni onların verdiyi əzabdan çox, balalarımın gözümün önündə can verməsi incidirdi... Oğlum İslam qucağımızda “su” deyə-deyə can verdi... Bir də gördüm sapsarı saraldı... Gözləri baxırdı... İnana bilmirdim, dedim ola bilməz, nə olsun müharibədir, nə olsun düşmən əlindəyik, axı bala atasının qucağında ölməz... Ölüm biz yaşlılarındır, 20 yaşında da oğul ölərmi?! Güllə böyük qızlarım Cəmilə ilə Validənin bədənlərini deşik-deşik eləmişdi... Görün nə vəziyyət idi ki, cavan qardaşları ölüb, əllərini qaldırıb saçlarını yola bilmirdilər... Mənim qızlarım düşmən qarşısında özlərini sındırmazdılar... Ölən lap qardaşları olsa da...

 

***

 

Şahnazın taleyindən hələ də heç kimin xəbəri yox idi. İslam ailənin ilk itkisi idi... Məhəmməd oğlunun saralmış bənizini sığallayır, dilsiz-ağızsız vidalaşırdı... İçəri girən erməni hərbçiləri İslamın öldüyünü görüb, Fərmanla Bəşirə bağırdılar:

 

- Nə gözlərinizi döyürsünüz? Görmürsünüz, “köpüb”?! Böyük iş olub, yer üzündə bir türk də azalıb! Götürün aparın ölünüzü basdırın! Orada, həyətdə, alma ağaclarının altında sizə bir az yer verə bilərik...

 

Fərmanla Bəşir alma ağacının dibində İslama məzar qazırdılar... Zirzəminin qapısı yox idi, yarası ağır olduğu üçün yerindən tərpənə bilməyən Cəmilə, Validə, İlhamə və Məhəmməd qapıdan dəfnə boylanırdılar...

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva xatırlayır:

 

- Zirzəmi ilə üz-üzə çoxlu alma ağacı var idi... Rayonlarımız işğaldan azad edilsin, Drambona gedib qardaşımın sümüklərini tapacağam. Ona tünd qəhvəyi rəngdə yun jaket toxuyub, qabağına isə krem rəngində paxlava naxışları vurmuşdum. O qədər bəyənmişdi ki, qıyıb geyinmirdi. Bir dəfə kəndə geyinmişdi, bir də indi yola çıxırdıq deyə geyinmişdi... Əynindəki tünd qəhvəyi kostyumu da təzə idi... Qardaşımı paltarlı dəfn etdilər. O jaket indi mənim üçün qardaşımın nişanəsidir. Yun çürümür, torpaqlarımız azad edilən kimi, gedib həmən almalıqların dibini qazıb, əlimlə toxuduğum jaketi tapacağam, onun arasından qardaşımın sümüklərini toplayacağam, bağrıma basıb ağı deyəcəyəm... Sonra anamın yanında dəfn edəcəyəm...

 

(Davamı olacaq...)

 

III hissədə

 

- Bizi xarabalıq yollarla aparırdılar. Hər yan darmadağın dağılmışdı. Bir-birimizə pıçıldadıq ki, yəqin buralarda öldürəcəklər, qurda-quşa yem olacağıq... Bir tərəfdən də sevinirdik ki, nəhayət öldürəcəklər və bu əzab bitəcək. Elə bu vaxt maşın silkələndi...

 

- Dəfn üçün ağ və bel lazım idi... Ailəmi dəfn etmək üçün öz evimə oğurluğa getməkdən başqa çarəm yox idi...

 

- İstəmirdik kişiləri yanımızdan aparsınlar. Qorxurduq... Amma hamısını çəkib əlimizdən aldılar... Döndüm ki, qardaşımı dartanda pencəyi əynindən çıxıb, düşüb yerə... Elə pencəyi götürüb arxasınca qapıdan çıxanda üstümə hücum etdilər...

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3534
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar