Prezident Vladimir Zelenski aprelin 10-da AP-yə müsahibəsində deyib ki, Rusiya ilə sülh Ukrayna şərtləri ilə ola bilər.
“Əgər Ukraynanın müharibəyə son qoymaq məsələsini diplomatiya yolu ilə həll etmək imkanı varsa, bunu əldən vermək olmaz”, - Lent.az-ın Ukrayna KİV-nə istinadla məlumatına görə, Zelenski bildirib.
Onun sözlərinə görə, insanlar bu müharibənin bitməsini istəyir: “Bizim şərtlərimizlə, müstəqillik şərtləri ilə, Ukraynanın şərtləri ilə”.
O vurğulayıb ki, hər bir ukraynalı ailə nəyisə itirib və çətin ki, hər hansı şərtlərlə sülhdən razı qalsınlar.
“Ancaq biz başa düşməliyik ki, istənilən müharibə sülhlə başa çatmalıdır... Milyonlarla qurbanın olduğu yerdə belə, hər şey sülhə qovuşur”, - Zelenski qeyd edib.
Prezident həmçinin bildirib ki, Mariupol təslim olarsa, Ukrayna daha zəif mövqeyə malik olacaq. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Mariupoldakı mövqeyi nə qədər güclüdürsə, onun bütövlükdə ölkənin şərqində və danışıqlar masası arxasında mövqeyi bir o qədər möhkəmdir.
Zelenski onu da əlavə edib ki, Ukraynanın şərqdə məğlub olması Rusiyanın yenidən Ukrayna qoşunlarının nəzarətinə keçmiş ərazilərə girə biləcəyi anlamına gələcək.