Zaqatalalı Xəlilin evindən Niderland kral ailəsinə qədər uzanan <span style="color:red;">MACƏRA DOLU HƏYAT HEKAYƏSİ - <span style="color:red;">III YAZI
24 noyabr 2015 16:00 (UTC +04:00)

Zaqatalalı Xəlilin evindən Niderland kral ailəsinə qədər uzanan MACƏRA DOLU HƏYAT HEKAYƏSİ- III YAZI

Niderland krallığı, Osterveyk şəhəri.

 

24 fevral, 1945-ci il.

 

...Onu Niderland Müqavimət Hərəkatının baş qərargahına çağırmışdılar. Təcili qərargaha gəlmişdi. Hansısa vacib əməliyyatamı gedəcəkdi, nədi, özü də tərəddüd içindəydi. Qərargahda ondan başqa daha bir neçə partizan var idi. Amma tərəddüdü bir anın içində yox oldu. Qərargah rəisi tərəfindən ona xüsusi arayış verilirdi. Təltifnaməyə, haradasa diploma oxşayan bir arayış. Orada isə elə beləcə də yazılmışdı. Hə, elə beləcə: “Məmməd Məmmədovla görüşən hər kəs ona hörmət etməli və ehtiram göstərməlidir”.

 

(Əvvəli bu linklərdə - http://news.lent.az/news/222014

                                  http://news.lent.az/news/222274)

 

 

...Gecənin qaranlığında üzü işıq gələn tərəfə gedirdilər. Yol onları sıx bir meşəyə gətirib çıxarmışdı. Hə, artıq anlamışdılar, partizanlar çox yaxındadırlar.

 

Dəstədə onları çox yaxşı qarşılayırlar. İsti paltar, yemək verirlər. Hər üçünün keçmiş sovet əsgəri olması isə onlara mehriban münasibəti bir az da artırır. 4 ay partizan düşərgəsində onlarla əməliyyata gedir “Medo”. Partladılan körpülər, qatarlar, neçə-neçə pusquda məhv edilən onlarla faşist. Düşərgədə “Medo”dan başqa daha iki azərbaycanlı partizan da vardı. Hər üçünün ən böyük istəyi isə tez, lap tez bir zamanda Azərbaycana qayıtmaq idi.

 

Vətənlərində onları nələr gözlədiyini bilsə də, əzizlərini bircə anlığa da görmək arzusu hər şeyə üstün gəlirdi. Bu arzularını partizan dəstəsinin komandirindən də gizlətmirlər. Komandir hər şeyi gözəl başa düşürdü. İllərdir doğmalarından ayrı düşən, ağır döyüş yolu keçən, əsirlik həyatı yaşayan bu insanları başa düşməmək mümkün deyildi.

 

…Həmin gün partizanlar “Medo”ya və daha beş nəfərə Brüsselə qaçmaqda kömək edirlər. Brüsseldən hara gedəcəklərini isə özləri həll etməliydilər. Amma hara?

“Medo” və dostlarını Brüsselin dəmir yolu vağzalında tuturlar. Bir neçə günlük işgəncədən sonra yaxınlıqdakı düşərgəyə göndərirlər. Amma 4 gündən sonra “Medo” düşərgədən qaça bilir. O, yenidən Osterveykə gəlir. Çünki bu yerləri yaxşı tanıyırdı.

 

Müharibə isə artıq sona yaxınlaşırdı. Almanlar məğlub olduqlarını hiss edirdilər. Ona görə də Osterveyk və bu şəhər yaxınlığındakı silah-sursat, ərzaq bazalarını Almaniyaya daşımaq nyyətindəydilər. Onlar üçün ən güvənli yol isə dəmiryolu sayılırdı...

 

...Həmin planın hazırlanmasında “Medo” şəxsən iştirak etmişdi. Qatarın qrafiki, keçəcəyi məntəqələr zərgər dəqiqliyi ilə öyrənilmişdi. Silahla dolu qatar Osterveykdən səhər saat 6-da çıxdı.  Üzü Tilburqa doğru yön alan qatar elə bu şəhərə çatmamış göyə sovruldu. Partizanların bu əməliyyatı sonradan müharibə dərsliklərinə belə düşəcəkdi. “Medo” sonradan xatırlayacaqdı ki, əməliyyat zamanı ölən faşistlərin meyitlərini basdırmaq üçün bir neçə gün lazım olmuşdu.  

 

 

...Qələbə xəbərini “Medo” elə Osterveykdə eşitdi. Amma şərqdən, onun ölkəsi SSRİ-dən gələn xəbərlər isə heç də ürəkaçan deyildi. Müharibə zamanı əsir düşənlərin aqibəti haqda çox pis xəbərlər gəlirdi. Stalin repressiyası və Sibirə sürgünə göndərilmək qorxusu isə ona rahatlıq vermirdi.  Ona görə də M. Məmmədov başqa seçim edir. O, Osterveykdə məskunlaşaraq, əsirlik dövründən sevdiyi holland qızı Mariya Serbrextlə ailə qurur.  Bu qadından bir qızı olur. Qızının adını isə Nənəxanım qoyur. Anasının adını…

 

***

 

Məmməd Məmmədov 1946-cı ildən başlayaraq uzun müddət “Wed” ayaqqabı fabrikində çalışır. O , 1956-cı ildə “ Həmişə hazıram” (“Altijd paraat”) polis itlərinin təlimi ilə məşğul olan birliyi təsis edir. Yeri gəlmişkən, bu təlim mərkəzi indiyədək fəaliyyətdədir və Osterveykin yaxınlığındakı meşədə yerləşir. Bu birliyin də təsis edilməsinin maraqlı tarixçəsi var. O vaxtlar ətrafdakı meşələrdə canavarlar çoxalmışdı və yerli əhali, əsasən qadın və uşaqlar qorxu içində yaşayırdılar. Medo bu insanları qorumaq üçün yetişdirdiyi itləri sakinlərə paylayırdı. Sonralar keçmiş döyüşçü bu işi təkmilləşdirib, onu polis itlərinin yetişdirildiyi mərkəzə çevirdi. Hazırda məktəbin binası üzərində Məmməd Məmmədovun adı həkk olunmuş barelyef mövcuddur.

 

***

 

Məmməd Məmmədov həm də Nevelo şəhərinin uşaq futbol klubunun məşqçisi olub. O, bu şəhərdə böyük hörmət qazanaraq, əhalisi 26 min nəfər olan Osterveykin ilk fəxri vətəndaşı adına layiq görülüb, “Müqavimət Döyüşçüsü” və “Sədaqətli Xidmət” medalları ilə təltif edilib.

 

Maraqlıdır ki, Hollandiyada yaşadığı keşməkeşli həyatına baxmayaraq, o, Azərbaycanda yaşayan anası Nənəxanım, bacısı Tükəzban və çoxsaylı qohum-əqrəbası ilə məktublaşmaq istəsə də, buna nail ola bilmirdi. SSRİ və NATO üzvü olan Niderland arasında müəyyən siyasi etimadsızlıq hökm sürdüyündən, hətta doğma insanlar arasında münasibətlərin saxlanılması da o zaman çox mürəkkəb məsələyə çevrilmişdi.

 

Sonradan məlum olacaqdı ki, Məmməd nə az, nə çox, düz 14 il Hollandiyadan Zaqatalaya sərasər məktub yazırmış. Həmin məktublar isə onun anasına çatmırmış.

Amma Məmməd qohumlarını görə bilir. 31 ildən sonra M. Məmmədovun Azərbaycana, doğma Zaqatalaya səfəri yalnız Niderlandın Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü və o dövrdəki SSRİ rəhbəri Brejnevin xüsusi icazəsi ildə baş tutur. 1972-ci ildə. Bu səfərdə onu qızı Nənəxanım və həyat yoldaşı müşayiət edir. Amma bu səfərdən bir qədər öncə anasının vəfat etməsi Məmmədi kövrəldir. Anasının qəbri üstə uzanıb saatlarla ağlayır. Elə Hollandiyada nəşr olunan qəzetlərin birində də bu təsirli hekayəyə böyük yer ayrılır. “Məmməd 31 il anasını görmək həsrətiylə yaşadı. Min bir zülmlə doğma vətəninə qayıda bildi. Amma anası bu səfərdən az öncə vəfat etmişdi”.

 

Yeri gəlmişkən, 2003-cü ildə Məmməd dünyasını dəyişsə də, onun qızı Nənəxanım 2011-ci ildə yenidən Zaqatalaya gəlir, atasının yaxınlarıyla görüşür.

Aşağıda gətirilən sitat Zaqatalada yaşayan bacısı Tükəzban tərəfindən Niderlanda, qardaşı Məmmədə göndərdiyi məktubdandır:

 

“Əziz qardaşım Məmməd. Əvvəla salam. Sənin məktubunu aldım, şad oldum, sevindiyimdən  özümü lap itirdim. Əziz qardaşım, sən gedəndən sonra mən üç gün kənddə qaldım, ondan sonra evə getdim. Sənin məktubun gəldi və indi mən sakit oldum. Əziz qardaşım, mən səni yadımdan tamam çıxarmışdım. Amma səni görəndə  tanıdım. Daha mənim dərdim yoxdur. Ancaq ürəyim doymadı səni görməkdən”.

Amma Tükəzban bir daha qardaşını görə bilməyəcəkdi. Bu onun qardaşına sonuncu məktubu idi.

 

***

 

...2012-ci ildə Osterveyk şəhərinin 800 illiyi ərəfəsində isə Məmməd Məmmədovun holland heykəltəraş Elen Brauvers tərəfindən yaradılan heykəlinin, onunu adını daşıyan parkın və küçənin açılışı oldu. Əvvəlki adı Fan Rekseforsalean olan küçə həmin gündən sonra Məmmədin adıyla adlanacaqdı…

Image result for bakcell

 

(Bu yazılar  Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb)

Səbuhi Məmmədli, Eyndhoven

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42