Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin hakim partiyadan olan deputatı Necdet Ünüvar “Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə etirazını bildirib.
Lent.az-ın “milliyyət.com.tr”-a istinadən məlumatına görə, deputat filmdən həmin səhnənin çıxarılması üçün Şahan Gökbakar və filmin yaradıcı heyətinə məktub yazacağını deyib: “Filmdə bir boks səhnəsi var. Orada Azərbaycan və Türkiyə vətəndaşı olan iki boksçunun mübarizəsi əks olunur. Mən oradakı şişirdilmiş dialoq və səhnələrdən narahatam”.
Ünüvar vurğulayıb ki, fraqmenti izləyən Azərbaycandakı dostları onunla əlaqə saxlayaraq narazılıqlarını bildiriblər.
Millət vəkili Türkiyə və Azərbaycan arasındakı münasibətlərə toxunaraq bildirib ki, bir film səhnəsi ilə bu dostluq pozulmaz: “Amma niyə hər hansı filmdə bir-birimizi narahat edəcək dialoq, epizod olmalıdır?! Məqsədiniz güldürmək ola bilər, bəlkə buna bir-iki nəfər gülə də bilər, amma təəssüf hissi keçirənlərin sayı daha çox olacaq. Türkiyə və Azərbaycanın digər ölkə idmançıları ilə mübarizəsində türk idmançı azərbaycanlının, azərbaycanlı idmançı isə türkün tərəfini saxlayar. Yarışlarda azərbaycanlı idmançı çempion olanda türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmaqdan, türk idmançı çempion olanda da azərbaycanlı tamaşaçılar da Türkiyə bayrağını dalğalandırmaqdan sevinc duyarlar. Bizim öyrəşdiyimiz səhnə budur".
N.Ünüvar son olaraq bildirib ki, bu filmin bəhanə edilərək yüksək səviyyədə olan Türkiyə-Azərbaycan dostluğunu zədələyəcək birilərinin ağzına söz salmaq lazım deyil.