ABŞ xüsusi xidmət orqanları ölkənin yeni seçilmiş prezidenti Donald Tramp və vitse-prezidenti Maykl Pens üçün brifinq keçiriblər.
APA-nın “ABC News”a istinadən verdiyi xəbərə görə, Tramp və Pens brifinq zamanı ABŞ xüsusi xidmət orqanlarının məxfi materialları ilə tanış olublar. Xəbərə görə, analoji məlumatlar hər gün hazırkı prezident Barak Obamaya təqdim olunur. Bu tip məlumatlar “prezident rezümesi” adlandırılır.
Telekanal qeyd edir ki, əgər Tramp istəyərsə, ona hər gün məxfi məlumatlar təqdim edilə bilər. Həmçinin qeyd olunur ki, Trampa təqdim ediləcək məxfi məlumatları Obama özü müəyyən edir. Məmurların sözlərinə görə, Obama ona təqdim edilən “rezümenin” tam mətninin Trampa da verilməsinə dair göstəriş verib.
Bu prosedur hakimiyyətin yeni administrasiyaya ötürülməsinin sürətləndirilməsi üçün həyata keçirilir.