ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Reykyavikdə görüşməyi planlaşdırır. APA-nın xəbərinə görə, bu barədə “Sunday Times” nəşri məlumat yayıb.
“Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra yaxın bir neçə həftə ərzində Vladimir Putinlə görüşməyi planlaşdırır”, - deyə nəşrin məlumatında bildirilir.
Məlumata görə, Trampın prezident qismində ilk xarici səfəri Reykyavikə olacaq.
Tramp bundan əvvəl “Wall Street Journal”a müsahibəsində inauqurasiyadan sonra Putinlə görüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.