Tehran: “Raket sınağının nüvə sazişi ilə əlaqəsi yoxdur”
01 fevral 2017 07:46 (UTC +04:00)

Tehran: “Raket sınağının nüvə sazişi ilə əlaqəsi yoxdur”

Fransanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib. APA-nın Tehran bürosunun məlumatına görə, nümayəndə heyətinə  siyasi və iqtisadi sahələri təmsil edən 60-dək nümayəndə daxildir.

 

Ötən gün  Tehranda Fransa və İranın müştərək iqtisadi komissiyasının iclası keçirilib. 

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında fevral ayında İran və Fransanın birgə istehsal etdiyi ilk avtomobilin satışa çıxarılacağını bildirib: “Məqsədimiz İran və regiondakı avtomobil bazarları ilə rəqabət aparmaqdır.  Birgə avtomobilin istehsalı ilə həm iş yerləri yaradıldı və həm də  avtomobil istehsalı sahəsində texnologiya ölkəyə gətirildi. Bu həm İranın,  həm də Fransanın xeyrinədir”.

 

M.C.Zərif  İran və Fransa arasında  elmi, texniki,  ətraf mühit,  hava limanının tikintisi,  sürətli qatarların istehsalı,  yol tikintisi,  “Air Bus” təyyarələri,  nüvə elmi və texnologiyası sahəsində əməkdaşlığın daha da inkişaf etdirildiyini vurğulayıb.

 

O deyib ki, iki ölkə  korrupsiya və terrorizmlə mübarizə sahəsində də əməkdaşlıq edəcək.

M.C.Zərif İranın raket sınağı keçirməsi ilə bağlı bu testlərin nüvə sazişi ilə heç bir əlaqəsinin olmadığını bildirib.

 

İran XİN rəhbəri qeyd edib ki,  BMT TŞ-nin  2231-ci qətnaməsində  İranın  ballistik raketləri ilə bağlı heç bir müddəa əks olunmayıb və  İslam Respublikası  bu qətnamənin təsdiq olunduğu vaxt öz mövqeyini açıq şəkildə elan edib. “Bu qətnamədə  nüvə başlığı daşıya bilən  ballistik raketlərdən söhbət gedir. Biz isə elan etmişik ki,  bizim ballistik raketlərimiz nüvə başlığı daşıma qabiliyyəti  üçün layihələşdirilməyib. Bizim raketlər  İslam Respublikasını qanuni şəkildə müdafiə edə biləcək normalara uyğun başlıqlar daşıyır və  2231 saylı qətnamədən kənara çıxmır”.

 

Fransalı nazir   Jan-Mark Eyro İrana səfərini önəmli adlandırıb və  deyib ki,  bu səfər İran prezidenti Həsən Ruhaninin  Fransaya səfəri zamanı prezidentlər arasında razılaşdırılıb. O, səfər çərçivəsində İranın özəl şirkət nümayəndələri ilə də görüşdüyünü bildirib. 

 

“Hərtərəfli Birgə Fəaliyyət Planı  göstərdi ki, diplomatiya  uğur qazana bilir. Fransa bu planın icrasında maraqlıdır. İstəyirik ki, planın icrasında tam şəffaflıq yaransın və ümid edirik ki,  HBFP-ni  sual altına ala biləcək məsələlərlə mübarizə üçün çıxış yolu tapılacaq”.

 

O, İran və Fransanın təhlükəsizlik sahəsində və regional əməkdaşlıqda birgə iş apara biləcəyini qeyd edib: “Biz bu səfər çərçivəsində insan haqları ilə bağlı da danışıqlar apardıq”. 

 

Fransalı nazir ABŞ-ın bəzi müsəlman ölkələrinə viza verilməsinin dayandırması ilə bağlı qeyd edib ki,  terrorizmlə mübarizə bəhanəsi ilə Amerikanın birtərəfli mövqeyi və viza verilməsinin dayandırması narahatçılıq doğurur. “Düşünürük bu uyğun seçim deyil”, - deyə Jan-Mark Eyro qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar