Suriya: Dəməşqdə hər küçə, Hələbdə hər ev uğrunda qanlı döyüş gedir
26 fevral 2013 11:23 (UTC +04:00)

Suriya: Dəməşqdə hər küçə, Hələbdə hər ev uğrunda qanlı döyüş gedir

Suriyada paytaxt Dəməşq və ölkənin sənaye mərkəzi olan Hələb şəhəri uğrunda qanlı döyüşlər gedir.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gecə müxalif Suriya Azadlıq Ordusunun döyüşçüləri şimal istiqamətdən Dəməşqin mərkəzinə doğru irəliləməyə çalışıblar.

 

Abbasi meydanından 800 metr uzaqlıqda, son aylar müxaliflərin əsas qalalarından birinə çevrilən Kabun məhəlləsində bomba yüklü avtomobil partladılıb. Rəsmi SANA agentliyi dinc sakinlər arasında ölən və yaralananların olduğu barədə məlumat yayıb. Dəməşqin Cubar və Berzi rayonlarında da gecə boyu atışma davam edib. Rukn-ed-Din məhəlləsində də ardıcıl partlayışlar törədilib. Prezident Bəşər Əsədə sadiq ordu bölmələri döyüşlərdə tank və artilleriyadan istifadə edib. Son 48 saat ərzində Dəməşqin cənubundakı Kadame və Əl-Assali məhəllələrində də qanlı döyüşlər gedib. Müxaliflər artıq Dəməşqin bir neçə məhəlləsinə nəzarət edir, ancaq bu gecə Dəməşqin mərkəzini ələ keçirmək cəhdləri alınmayıb.

 

Hələbdə də silahlar susmur. Müxaliflərin şəhərin qərbində yerləşən Suriya Daxili İşlər Nazirliyinin məktəbinə hücumunun qarşısı alınıb. “Al-Vatan” qəzeti yazır ki, Hələbin mərkəzində hər ev uğrunda qanlı döyüş gedir. Şəhərin Es-Suveyka, Zaxvari və Carabad adlanan qədim hissələrindən Sebaa Baxrat və Omeyyad məscidinə qədər olan məhəllələr Suriya ordusunun nəzarətindədir. Müxaliflər isə Əl-Bayyada və Bandara məhəllələrinə nəzarət edir. Bu arada Suriya Azadlıq Ordusunu artilleriya zərbəsi nəticəsində Hələb yaxınlığındakı Meneq aerodromunda bir hərbi vertolyotun vurulduğu məlum olub. “France-Presse” agentliyi sutka ərzində Hələbdə döyüşlər zamanı 30 hərbçi və 23 müxalifin öldüyü, bütün ölkə üzrə isə 92 nəfərin öldürüldüyü barədə məlumat yayıb.

 

# 1958
avatar

Oxşar yazılar