Pakistanın Preston Universitetində Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş “Azərbaycanda Xocalı soyqırımı” adlı konfrans keçirilib.
Tədbirdə Pakistanın xarici işlər üzrə dövlət naziri Əhməd Malik Navabzadə, Senatının Xarici Əlaqələr Komitəsinin Sədri Hacı Adil, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, senatorlar, Preston, Milli Müdafiə, Qayde Azam, Müasir Dillər, Zülfüqar Əli Bhutto Universitetlərinin rektorları, Türkiyə, Bolqarıstan, Ukrayna, Özbəkistan, İraq, Qazaxıstan, Tacikistanın və digər ölkələrin Səfirləri, Türkiyə və Pakistanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Preston Universitetinin rektoru professor Əbdül Basit konfrans iştirakçılarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Konfliktinin mahiyyəti, əyalətə ermənilərin köçürülmə tarixi haqqında məlumatlandırıb. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlığ-Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulayıb, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü bildirib. Professor A.Basit 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırıb.
Preston Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı professor Sohail Məhəmməd, Xocalı soyqırımı ilə əlaqədar nümayiş etdirilən sənədli filmi ürək ağrısı ilə izlədiyini qeyd edərək, insanlığa sığmayan bu hadisələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə edildiyini bildirib.
Asiya Sivilizasiyaları Assosiasiyasının Prezidenti, Müasir Dillər Universitetinin dekanı professor Z.A. Qureyşi, öz çıxışında, Xocalı soyqırımı haqqında danışaraq, dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklərin alman faşistlərinin cinayətlərini kölgədə qoyduğunu qeyd edib. Natiq Xocalı qurbanlarının ailələrinə Ermənistan dövləti tərəfindən təzminat ödənilməsinin vacibliyini deyib.
Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat vermiş, bu soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmalarının vacibliyini bildirib. Səfir, Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, həmçinin 01.02.2012-ci il tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsində göstərdiyi prinsipiallığa görə Pakistan senatı və xalqına bir daha dərin minnətdarlığını çatdırıb.
Tədbirin sonunda, Ali Qonaq qismində iştirak edən Pakistanın Xarici İşlər üzrə Dövlət Naziri Navabzadə Malik Amad Xan konfransın mövzusu Xocalı soyqırımı haqqında danışmış, ermənilərin törətdiyi aktın beynəlxalq hüquq prinsiplərinə tam zidd olduğunu vurğulayıb. Nazir, Pakistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan torpaqlarını işğal etdiyinə görə ölkəsinin Ermənistanı tanımadığını bildirib.
Konfransın rəsmi hissəsindən sonra, Xarici İşlər üzrə Dövlət Naziri və Senatın Xarici Əlaqələr Komitəsinin Sədri Türkiyənin TRT Türk, həmçinin Pakistanın yerli kanallarına müsahibə verərək Xocalı soyqırımı haqqında danışmış, cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayıblar.
Konfransdan sonra, Pakistanın Bari İmam məscidində Xocalı soyqrımı şəhidlərinin ruhuna ehsan verilib, dualar oxunub.