Pakistanda “Xocalı soyqırımı-Humanizmin Qaranlıq Tərəfi” adlı tədbir keçirilib
21 fevral 2013 18:27 (UTC +04:00)

Pakistanda “Xocalı soyqırımı-Humanizmin Qaranlıq Tərəfi” adlı tədbir keçirilib

 

 

İslamabadda “Baskin Chalet” fransız klubunda Pakistanın Sülh və Demokratiya İnstitutu tərəfindən “Xocalı soyqırımı-Humanizmin Qaranlıq Tərəfi ” adlı Dəyirmi Masa keçirilib.

 

Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, elmi diskussiya formatında təşkil olunmuş tədbirdə Pakistan Sülh və Demokratiya İnstitutunun direktoru Asif Nur, Strateji Araşdırmalar Mərkəzinin mütəxəssisləri, tanınmış jurnalistlər, siyasi analitiklər, İslamabad şəhərində akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Seminarda çıxışın edən Azərbaycanın Pakistandakı səfir Daşqın Şikarov Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, Xocalı soyqırımı haqqında geniş məlumat verib. O, beynəlxalq hüquq prinsiplərinə arxalanaraq Xocalıda baş vermiş hadisələrin məhz soyqırım olduğunu bildirib. Daşqın Şikarov Pakistan da daxil olmaqla, bir neçə ölkə və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdığını qeyd edib.

 

Strateji Araşdırmalar Mərkəzinin professoru Aftab Qazi isə çıxışında Xocalı soyqırımını işıqlandırmış beynəlxalq medianın və Memorial Fondunun tədqiqatlarına istinad edib. Onun sözlərinə görə, bu hesabatlar müstəqil media mənsubları və təşkilat tərəfindən hazırlanıb və tamamilə qərəzsizdir. Aftab Qazi Xocalı hadisələrinin ən fəal iştirakçısı olan Ermənistanın hazırkı prezidenti Serj  Sarkisyandan da sitat gətirərək, bu soyqırımın Ermənistan tərəfindən məqsədli şəkildə törədildiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin digər alimi Sabah Aslam  Xocalı soyqırımının bütün dünya ictimaiyyəti tərəfindən tanınmasını vacib sayıb. Sabah Aslam  bildirib ki, bütün sülhsevər qüvvələr bu istiqamətdə birgə səylər göstərməlidirlər. O, Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, ABŞ-ın 6 ştatı və bir sıra nüfuzlu  beynəlxalq təşkilatlar tərəfindən tanındığını söyləyib,  Pakistan Senatının qəbul etdiyi qətnamədən sitat gətirib. Ermənilərin bu vandallığının ifşa olunması humanizm və ədalət prinsiplərinin bərqərar olunmasına və gələcəkdə belə hadisələrin təkrar olunmamasına xidmət edəcək. Sabah Aslam  beynəlxalq ictimaiyyətin 1992-ci ildə baş vermiş Xocalı soyqırımına biganə qalması və cinayətkarların layiqli cəza almaması səbəbindən 1995-ci ildə Bosniyanın Srebrennitsa şəhərində müsəlmanlara qarşı növbəti dəhşətli soyqırımın baş verdiyini qeyd edib. Sülh və Demokratiya İnstitutunun direktoru Asif Nur Xocalı soyqırımının beynəlxalq cinayət adlandırılması üçün kifayət qədər hüquqi bazanın mövcud olduğunu dilə gətirib. Asif Nur Xocalı soyqırımını törədənləri, tutduqları vəzifələrində asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməsinin zəruri olduğunu bildirib. 

 

Çıxışlardan sonra tədbir iştirakçıları mövzu ətrafında geniş diskussiya aparıblar. Daşqın Şikarov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Tədbirin sonunda Xocalı soyqırımını əks etdirin CD formatında filmlər, foto albom və  “Diplomatik İnsight” jurnalı tərəfindən yeni nəşr edilmiş “Azərbaycan-Pakistan Dostluq və Əməkdaşlığın 20 İli” adlı kitab iştirakçılara paylanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1166
avatar

Oxşar yazılar