Mosul Türkiyənin bir vilayəti ola bilərmi?
19 oktyabr 2016 17:14 (UTC +04:00)

Mosul Türkiyənin bir vilayəti ola bilərmi?

Bügünkü “Manşet”də “Yaxın Şərqin Mosul düyünü” mövzusunda “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
- Türkiyənin Suriyanın şimalında əldə etdiyi nailiyyətlər fonunda İraqın şimaında da eyni proses başlamalı idi. Amma gözlənildiyi kimi Türkiyəni hər şəkildə bu prosesdən kənarda saxlamağa çalışırlar. 
 
Mosul Türkiyənin ötən ay Suriyanın şimalında əməliyyatlara başlayarkən prioritet elan etdiyi Misaki milli sərhədləri daxilindədir. Türkiyənin bir dövlət, Türk millətinin isə bir millət olaraq Mosul üzərində tarixi-mənəvi hüququ var. İraqın şimalı eyni zamanda, geosiyasi nöqteyi-nəzərdən qardaş ölkənin marağında olan əhəmiyyətli bölgədir. Həmçinin, bura kürd faktorunu da əlavə etsək, o zaman Türkiyə prezidentinin son bəyanatlarının səbəbi anlaşıla bilər. 
 
- İŞİD-in son döyüşlərdəki ciddi itkiləri və məğlubiyyətləri, 2 ildən artıq müddətdə nəzarətdə saxladığı əraziləri itirməsi təşkilatın zəifləməsi kimi də qiymətləndirilə bilir. Lakin baş verənlər İŞİD-in sonunun gəldiyi kimi başa düşülməməlidir. Bu cür təşkilatların genezisinə nəzər yetirərkən görmək olar ki, onlar mütləq hansısa əvvəlki bir təşkilatın sələfi olaraq yaranıblar. Məsələn, İŞİD-də konkretləşdirsək, onlar Əl-Qaidə terror təşkilatının sələfləridir. Zamanı gəldikdə də onlar xələf funksiyasını yerinə yetirərək, yerlərini fərqli bir adda yaradılan, lakin eyni proqram və hədəflərə görə fəaliyyətini quran təşkilata verəcək. Özləri də onun içində əriyəcəklər. 
 
Yaxın Şərqdə baş verən proseslərdə istər İraqda, istər Suriyada biz qərbin əsas müttəfiqi kimi məhz kürd silahlı qruplaşmalarını görürük. Və belə bir məqamda Mosulun hansısa bir şəkildə həmin o muxtar vilayətdən qoparılıb Türkiyəyə  verilməsi real deyil və inandırıcı deyil ki, Qərb buna razılıq versin. Türkiyə mövcud Kürdüstan vilayəti rəhbəri ilə münasibəti normaldır. Buna görə də Mosul məsələsi ilə bağlı Türkiyənin vilayət rəhbərliyi ilə münasibətlərinin kəskinləşdirməsi inandırıcı deyil.
 
Qərbin Türkiyəni tamamilə Mosul əməliyyatından kənarda saxlamağa müvəffəq olduğunu demək olmaz. Türkiyənin Mosula bağlı Başikadaki hərbi bazasında təlim keçdiyi 2000-dək silahlı hazırda Mosul əməliyyatında iştirak edir.
 
Bu gün sünni ərəb əşirətlərin Türkiyəni əməliyyatlarda görmək istəmələrini ifadə edən bəyanat səsləndirmələri də əslində onu ifadə edir ki, Qərb gec və ya tez Türkiyəni bu prosesdə görməyə məcbur olacaq.
 
Ankaranın bu əməliyyatlarda birbaşa iştirakdan kənarda saxlanılması bir neçə səbəblə əlaqədardır. Birinci səbəb Suriyanın şimalında Fəratın sol sahilinin türklərin nəzarətinə keçməsinə verdikəri rəsmi razılıqdan dolayı narazı qalan kürd birləşmələrinin könlünü almaqdırsa, digər səbəb rəsmi Ankaranın son zamanlarda Rusiya ilə yaxınlaşmasıdır. Üçüncü səbəb isə geostrateji nöqteyi-nəzərdən izah oluna bilər. Belə ki, Amerika Türkiyənin Suriyanın şimalından sonra, İraqın da şimalında güclənməsinə və bununla da geniş avantajlara malik olmasına heç bir vəchlə razı ola bilməz.
 
Mosul – İraqın ikinci ən böyük şəhəridir. Onun türklərin ixtiyarına verilməsi münaqişədə marağı olan tərəflərdən heç birinin, hətta indiki dönəmdə müttəfiq kimi görünən Rusiyanın da maraqlarına cavab vermir. Biz hələ, İranı demirik. Qardaş ölkənin bu əməliyyatdan kənarda saxlanılmasında yalnız ABŞ və ya Qərb deyil, İran da maraqlıdır. Tehran da hazırda nəzarət altında saxladığı və istədiyi zaman həmin ərazidə aktiv şəkildə fəaliyyət göstərən şiə hərbi-siyasi hərəkatları vasitəsilə təzyiq etdiyi rəsmi Bağdadın, Türkiyə ilə müştərək şəkildə əməliyyatlara başlamasında, ümumiyyətlə, türk varlığının güclənməsində maraqlı deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318
avatar

APA TV

Oxşar yazılar