APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir və onunla birlikdə səfər edən digər rəsmi şəxslər azərbaycanlı fermerlərin becərdikləri kənd təsərrüfatı məhsullarının becərilməsinin vəziyyəti ilə maraqlanıblar.
Dəmyə Gorarxı kənd icra nümayəndəsi Heydər Musayev APA-ya açıqlamasında nazirin azərbaycanlı fermerlərin 1,7 hektar istixana şəraitində becərdikləri pomidor sahəsinə baş çəkdiyini bildirib: “Kənd təsərrüfatı naziri artıq ikinci dəfədir ki, bizim kəndə gəlib fermerlərin işi ilə yaxından tanış olur. Bu diqqət və fermerlərə göstərilən yardım və qayğı indi göz qabağındadır. Azərbaycanlı fermerlərdən Abbas Musayev, Anar Sadiqov, Şakir İbadov və başqaları havaların soyuq keçməsinə baxmayaraq yüksək keyfiyyətli pomidor məhsulu yetişdiriblər. Məhsula baxan nazir pomidorun ekoloji cəhətdən daha sağlam və təmiz olduğunu bildirib. O, fermerlərə məhsul becərməkdə yardıma ehtiyac olarsa, həmişə hazır olduğunu qeyd edib”.
H. Musayev bildirib ki, fermerlər torpağı becərmək üçün dövlətdən kiçik faizlə kredit götürüblər: “Fermerlərimiz bu il kənd təsərrüfatı məhsulları becərmək üçün 240 min lari kredit götürüblər. Bu kreditin müəyyən faizi nazirlik tərəfindən ödənilir. Sevindirici haldır ki, Gürcüstan dövləti kənd təsərrüfatını inkişaf etdirmək üçün xüsusi proqram və layihələr həyata keçirir. Bu məqsədlə nazirlik həmişə fermerlərin işləri ilə maraqlanır, yardım etmək üçün müxtəlif təşəbbüsləri dəstəkləyir. Nazirlik ekoloji cəhətdən təmiz məhsul becərmək təşəbbüsünü bəyənib və bu üsulla becərilən məhsulların ilbəil geniş bir sahəni əhatə edəcəyini bildirib”.
Məlumata görə, Dəmyə Gorarxı kəndində 2 100 nəfər yaşayır və kənddə 650 təsərrüfat mövcuddur. Dəmyə Gorarxı kənd inzibati ərazisində kənd təsərrüfatı, maldarlıq, arıçılıq inkişaf edib. Kənd dağlar qoynunda, əkin sahələri isə mənbəyini Ermənistandan axan Debed çayının sahili boyu yerləşib.
Qeyd edək ki, azərbaycanlıların kompakt yaşadığı bölgədə fermerlərin becərdikləri təsərrüfata baxışda kənd təsərrüfatı layihələrini idarə edən agentliyin direktoru Giorgi Çxeidze və digər rəsmilər iştirak edib.