Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "Rustavi Azot" müəssisəsinin qarşısında etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları olan gürcü və azərbaycanlılar, “Rustavi Azot”da işdən azad olunmalarına etiraz ediblər. Tədbirə həmkarlar təşkilatları və Rustavi Tələbələr Assosiasiyasının üzvləri olan tələbələr, habelə Vahid Milli Hərəkat partiyasının üzvləri qatılıblar.
Aksiya iştirakçıları müəssisə rəhbərliyindən onları yenidən işə bərpa etmələrini tələb ediblər. Etirazçılar “Buradan rədd olun!”, “Gedin!” kimi şüarlar səsləndiriblər. Sonda etirazçılar müəssisənin binasına daxil olmağa cəhd ediblər. Aksiya keçirilən əraziyə yol-patrul xidməti əməkdaşları gəliblər. Etirazçılar ikinci cəhddə müəssisənin binasına daxil olublar. Nəticədə qarşıdurma baş verib və iki nəfər həmkarlar təşkilatının üzvü xəsarət alıb. Hadisə yerinə təcili yardım maşını gəlib.
Aksiya iştirakçıları etirazlarını davam etdirəcəklərini bildiriblər.