Vaşinqtonda keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıblar. Lent.az-ın trtazerbaycan.com-a istinadən verdiyi məlumata görə, sualların əksəriyyəti Suriya ilə bağlı olub.
Suriyada kimyəvi silahlardan istifadə iddialarına dair sualın cavabında baş nazir Ərdoğan iki ölkənin müvafiq qurumlarının istər kimyəvi silahlar, istərsə də atılan raketlərlə bağlı sənəd və məlumatlar mübadiləsi etdiyini deyib. Baş nazir bu haqda sənəd və məlumatların yalnız ABŞ və Türkiyədə deyil, İngiltərədə də olduğunu bildirib. ABŞ prezidenti Barak Obama isə Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair dəlillərin olduğunu deyib, ancaq qeyd edib ki, bu məsələylə bağlı daha çox məlumata, daha konkret dəlillərə ehtiyac var: "Amma hətta bunu bir tərəfə qoysaq belə, Suriyada başqa silahlarla minlərlə insan öldürülüb. Bu belə başlı-başına beynəlxalq birliyin cavabını zərurləşdirir. Siyasi addımlar gücləndirilməlidir. İnsanların tələblərinə yerinə yetirən bir rejim qurulmalıdır. Suriyadakı insanların özlərini Əsəd rejimindən qoruması mühümdür. Beynəlxalq birlik Əsədə daha çox təzyiq etməli, Əsədin legitim olmadığını daha güclü şəkildə ifadə etməlidir".
Obama kimyəvi silahdan istifadənin dinc dünyanın qəbul edə bilməyəcəyi bir şey olduğunu vurğulayıb: "Bu məsələdə daha çox birlikdə çalışmağa və orada baş verənləri ortaya çıxarmağa davam edəcəyik. Daha güclü mexanizm çərçivəsində rejim üzərində təzyiq artırılmalıdır. Müxalifətə dəstək davam etməlidir. Bu məsələ bölgənin təhlükəsizliyini təhdid edir və beynəlxalq problemdir".
Baş nazir Ərdoğan ABŞ-ın Suriya ilə bağlı ləng tərpənməsini necə dəyərləndirdiyinə dair sualın cavabında stəkana dolu tərəfindən baxmaq istədiyini bildirib: "Biz beynəlxalq birliyin həssasiyyətini nümayiş etdirməsini istəyirik. İnanıram ki, ABŞ da bu səyi göstərir. BMT Təhlükəsizlik Şurası, Ərəb Liqası və bu məsələyə həssaslıq göstərən ölkələr var. Biz onların da iştirakıyla bu prosesi sürətləndirməyə çalışırıq. Bu səyahətdən sonra başqa ölkələrə də səfər edərək bu prosesi necə sürətləndirməyə çalışacağıq. Necə edək ki, daha az insan ölsün və demokratik rejim gəlsin - bizim dərdimiz budur. Bizim dərdimiz Suriyanı diktatorluqdan qurtarmaqdır. Bu, demokratiyaya inanan ölkələrin ortaq problemidir".
Obama isə türk jurnalistlərdən birinin "Əsəd getməlidir dediniz. Necə və nə zaman getməlidir?" sualına belə cavab verib: "Əsədin iki il əvvəl getməsi daha doğru olardı. Biz başlanğıcda da bunu demişdik. Əsəd öz xalqına atəş açmağa başladıqdan bəri legitimliyini itirib. Dinc aksiyalara bu cür yanaşmaqla legitimliyini itirib. Bu proses daha dinc ola bilərdi. İndi isə keçid prosesi nə qədər qısa olsa, o qədər yaxşıdır. Bunun necə olacağını da müzakirə etməkdəyik. Çox fərqli, sehrli bir formul yoxdur. Güclü addımlar atmalıyıq. Cenevrədə Rusiyanın da iştirakıyla siyasi keçid prosesini ciddi şəkildə müzakirə edəcəyik. Türkiyə ilə də məsləhətləşmələrimiz davam edəcək. Suriya ilə bağlı həm hərbi, həm diplomatik variantlar masanın üstündədir".