Devlet Bahçeli yenidən MHP-nin sədri seçildi
21 mart 2015 19:06 (UTC +04:00)

Devlet Bahçeli yenidən MHP-nin sədri seçildi

Bu gün Ankarada Milliyyətçi Hərəkat Partiyasının (MHP) XI qurultayı keçirilib.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, qurultayın açılışında çıxış edən MHP sədrinin təşkilatlara cavabdeh müavini Şefkat Çetin, qurultayın idarə edilməsi üçün Nizamnaməyə görə, Başqanlıq divanı təşkil edilməsinin gərəkli olduğunu açıqlayıb.

 

Qurultaydakı çıxışına “Türkün bahar bayramında yenidən doğuş məqsədiylə birik və birlikdəyik. Əziz millətimin və sizlərin Novruz bayramını təbrik edirəm. Qucaqlaşmaq və qərarlılığımızı göstərmək üçün buradayıq” sözləriylə başlayan Devlet Bahçeli Türk-islam aləminin qurultay salonundan veriləcək mesajlara kilidləndiyini vurğulayıb.

 

Bir neçə gün əvvəl Çanaqqala zəfərinin qeyd olunduğuna diqqət çəkən MHP lideri Çanaqqala savaşlarında Türklərin qazandığı qələbəni “Türklüyün dünyaya veriləcək güzəşt və torpaqların artıq olmadığını o savaş  göstərmişdir” - sözləriylə xarakterizə edib.

 

 

7 iyundakı seçkinin Türkiyə üçün “var olmaq-yox olmaq” seçkisi olduğunu iddia edən D. Bahçeli millətin öz varlığını qoruması üçün seçkidə dərindən düşünərək səs verməsinin gərəkli olduğunu vurğulayıb. Çıxışının  sonunda MHP lideri Bahçeli cəmiyyətin müxtəlif təbəqələrinə müraciət edərək “Bizimlə yürü!” - deyib və xalqı 7 iyunda MHP-yə səs verərək partiyanı iqtidara gətirməyə çağırıb.

 

D. Bahçeli “Kitabi-Dədə Qorqud” dastanından alaraq bəzi fraqmentlər əlavə etdiyi dua ilə MHP-nin XI qurultayındakı çıxışını bitirib. MHP lideri daha sonra Türklərin mifoloji-tarixi rituallarından biri olan dəmir döymə ritualını gerçəkləşdirib.

 

Daha sonra seçki keçirilib və hazırkı sədr Devlet Bahçeli yenidən partiyanın lideri seçilib.

 

Seçki komissiyasının elan etdiyi nəticəyə görə, seçkidə 1160 nəfər səs verib, 1149 səs legitim sayılıb. Devlet Bahçeli 1149 səslə yenidən MHP sədri seçilib.

 

Qeyd edək ki, Devlet Bahçeli 1997-ci ildən bəri MHP-nin sədridir.

 

1948-ci ildə Osmaniyyə vilayətində anadan olan Devlet Bahçeli, bölgədə nüfuzu olan Fəttahoğlu əşirətinə mənsub bir ailənin övladıdır. İqtisadiyyat sahəsində ali təhsil almış Bahçeli tələbəlik illərindən milliyyətçi hərəkatın fəal nümayəndələrindən olub. Universitetdə assistentkən baş verən 1980-ci il hərbi çevrilişindən sonra milliyyətçi hərəkatın özünü yenidən toplamasında fəal rol oynayaraq Alparslan Türkeşə ən yaxın simalardan biri olub. 4 aprel 1997-ci ildə Alparslan Türkeşin vəfatından sonra keçirilən qurultayda Alparslan Türkeşin oğlu Tuğrul ilə girdiyi liderlik yarışında qalib gəlib. 18 aprel 1999-cu ildəki bələdiyyə və məclis seçkilərinə Devlet Bahçelinin liderliyində girən MHP tarixində ilk dəfə 18% səs alaraq ikinci yeri tutub və Demokratik Sol Partiyasının lideri  Bülent Ecevitin qurduğu hökumətə MHP də daxil olub. Devlet Bahçeli hökumətdə baş nazirin müavini vəzifəsinə təyin edilib.

 

3 noyabr 2002-ci ildə keçirilən seçkidə MHP 10%-lik ölkə baryerini keçə bilməyərək Məclisdən kənarda qalıb. 22 iyul 2007-ci ildə 71 millət vəkiliylə Məclisə qayıdan MHP 12 iyun 2011-ci ildəki seçkidə isə 53 millət vəkili mandatı qazana bilib.

 

30 mart 2014-cü ildə keçirilmiş bələdiyyə  seçkisində MHP 2 milyon artıq səs alsa da, 10 avqust 2014-cü ildə keçirilmiş seçkidə partiyanın 2 milyon səsi AKP-nin prezidentliyə namizədinə gedib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar