Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı yenə dava baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident 5-ci maddənin müzakirəsi zamanı baş verib.
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Bundan sonra hakim Ədalət və İnkişaf partiyasından olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar. İki partiyanın millət vəkilləri arasında dava düşüb, bir neçə millət vəkillərinin yaralandığı bildirilir. Gərginlik aradan qaldırılandan sonra maddə qəbul olunub. Maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.
***
Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi davam edir. 3-cü maddənin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt hakim Ədalət və İnkişaf (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.
Dava üzündən səsvermə yarımçıq qalıb. Bir qədər sonra isə maddə qəbul olunub. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.