Bülənt Arınç: "Terror aktı Əsəd rejiminin məkrli planı ola bilər"
11 may 2013 20:52 (UTC +04:00)

Bülənt Arınç: "Terror aktı Əsəd rejiminin məkrli planı ola bilər"

 Türkiyə baş-nazirinin müavini Bülənt Arınç bu gün Hatay vilayətinin Reyhanlı qəsəbəsində 40 nəfərin öldüyü və 100-dən çox adamın yaralandığı partlayışa görə məsuliyyətin Suriya rejimi üzərində olduğunu istisna etməyib. “Hatay əyalətində çoxlu sayda Suriyadan olan qaçqın cəmləşib. Ehtimal var ki, törədilən terror aktının hədəfi məhz onlar olub. Reyhanlı bu məqsəd üçün əbəs yerə seçilməyib və bu terror aktı Əsəd rejiminin məkrli planı ola bilər. İstənilən halda, bu terror aktının arxasında kimlərin durduğundan asılı olmayaraq, Türkiyə lazımi tədbirləri görəcək”, deyə Bülənt Arınç qeyd edib.   

 

Qeyd edək ki, Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı getdikcə artır. APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 40-a çatdığını açıqlayıb. Yaralıların sayı təxminən 100 nəfərdir, onlardan 29-nun durumu ağırdır.   

 

Terror aksiyaları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib.

 

Hadisədən sonra Reyhanlı sakinləri qəsəbə yaxınlığında məskunlaşmış suriyalı qaçqınlara hücum edib, lakin polis havaya atəş açaraq onların qarşısını alıb. Hüquq-mühafizə orqanları suriyalıların qaldığı qaçqın düşərgələrinin mühafizəsini gücləndirib.

 

Xatırladaq ki, Türkiyə Suriyada Bəşər Əsəd rejimi ilə mübarizə aparan silahlı qruplara aktiv dəstək verir. Bu səbəblə Suriya rejimi ilə Türkiyə arasında xeyli vaxtdır münasibətlər kəskinləşib. Daha əvvəl Suriya ərazisindən Türkiyəyə top atəşləri də açılmışdı. Türkiyə Suriyanın ehtimal edilən raket hücumlarından qorunmaq üçün bir müddət əvvəl NATO-ya rəsmi müraciət etdikdən sonra Türkiyə ərazisində “Patriot” raket sistemləri yerləşdirilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar