Astanada yanvarın 23-də Suriyadakı münaqişənin nizamlanmasına dair keçiriləcək danışıqlara hazırlıq işləri davam etdirilir. Görüş iştirakçıları həmçinin humanitar və siyasi məsələləri müzakirə edəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.
“Hazırlıq işləri davam etdirilir. Ümid edirik beynəlxalq və regional tərəfdaşlar bu səyləri dəstəkləyəcəklər. Yeni imkanlar açılır, onlardan mütləq istifadə edilməlidir”, - deyə Çurkin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar BMT TŞ-nin iclasında bildirib.
“Yerdəki vəziyyətə təsir edə biləcək qüvvələrin danışıqlarda təmsil olunması atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlverişli şərait yaradacaq. Bu mövzu diskussiyaların mərkəzində duracaq. Bundan başqa, etimadın möhkəmləndirilməsi, humanitar yardımların çatdırılması və siyasi məsələlərin də müzakirə ediləcəyi istisna olunmur”, - deyə Çurkin qeyd edib.