Fələstin torpaqlarında yəhudi məskənlərinin salınması İsrail-Fələstin münaqişəsinin nizamlanmasına mane ola bilər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi Şon Spayser bildirib.
“Biz hesab etmirik ki, mövcud məskənlər sülhə maneçilik törədir, lakin yeni məskənlərin salınması və ya mövcud məskənlərin genişləndirilməsi Yaxın Şərqdə sülhün əldə olunmasına xeyir gətirə bilməz”, - deyə Ş.Spayser bildirib.
Onun sözlərinə görə, Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasına dair ABŞ-ın rəsmi mövqeyi yoxdur. Ağ Ev prezident Donald Tramp və baş nazir Binyamin Netanyahu arasında görüş zamanı problem üzrə diskussiyanın davam etdiriləcəyinə ümid edir.
Qeyd edək ki, bundan əvvəl İsrail hökuməti Fələstin ərazilərində yeni məskənlərin salınması planını dəstəkləyib.