Vüqar Abbasov: “Sıravi hollandların Azərbaycan haqqında bilgiləri azdır”
Hollandiyada fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov
Mövzu: Hollandiyada Azərbaycan diasporu
Bu gün “Manşet” verilişinin qonağı Hollandiyada fəaliyyət göstərən “Connect” təşkilatının sədri, Beynəlxalq və Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov olub. Qonaq Hollandiyada Azərbaycan diasporunun durumu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib. Proqramda aşağıdakı tezislər səsləndirilib:
- Hollandiyaya gedən kimi ilk növbədə yerli dili və adət-ənənəni öyrənməyə başladım. 2011-ci ildən isə türk kökənli siyasətçiləri tapdım və onların vasitəsilə Azərbaycan üçün nə isə etməyə çalışdım.
- “Connect” təşkilatı yarananda bu təşkilata bir şərtlə qoşula biləcəyimi dedim. Şərt qoydum ki, təşkilat Azərbaycan həqiqətlərinin, Qarabağ məsələsinin, Xocalı qətliamının Hollandiyada tanıdılması üçün çalışacaq. Bu şərtlə də işə başladıq və indi də xeyli işlər görürük. Həm Hollandiya mətbuatında, həm televiziyada bu istiqamətdə çıxışlarım olur.
- Hollandiyada sıravi vətəndaşların Azərbaycan, Qarabağ münaqişəsi haqqında bilgiləri çox azdır. Amma siyasətçilər məlumatsız olmasalar da, susmağa üstünlük verirlər. Fəaliyyətimdə bu ayrı-seçkiliyə son qoyulmasının zəruriliyi haqqında dəfələrlə həm yazılı mətbuatda, həm də televiziyalarda çıxışlar etmişəm.
- Hollandiyanın rəsmi saytlarında Azərbaycanla bağlı yanlış məlumatlar gedəndə, təşkilat adından məktub yazıb etirazımızı bildiririk. Bu etirazlar təbii ki, nəticəsini verir.
- Niderland parlamentində və siyasətində yetərincə türk kökənli siyasətçilər var ki, onlar dövlətin siyasətinə təsir göstərə bilirlər.
- Bu günə qədər heç bir kütləvi tədbir keçirməmişəm, işlərimizi əsasən mətbuat vasitəsilə qururuq. Ancaq inşallah, ilk belə tədbiri Azərbaycanın 25 illik müstəqilliyi ilə bağlı keçirmək istəyirəm və bu tədbirə ancaq hollandları dəvət edəcəyəm.
- Dünya Azərbaycanlılarının 4-cü Qurultayında mənimlə birgə iştirak etmiş hollandiyalı həmkarım dedi ki, Bakı, Azərbaycan haqqında dediklərinizin həqiqət olduğuna bir daha inandım. Təsəvvür eləyin ki, o, bizim insanların nə qədər tolerant, müasir olduğundan indi də böyük həvəslə danışır.
322