Yəməndə qiyamçı husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada kralın sarayını hədəf alan ballistik raket atıblar.
APA-nın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, bu barədə husilərin televiziyası məlumat yayıb.
Husilər Səudiyyə Ərəbistanı liderlərinin iştirak etdiyi toplantını hədəfə aldıqlarını açıqlayıblar. “Al Arabiya” kanalı ballistik raketin Səudiyyə Ərəbistanına məxsus hava hücumundan müdafiə sistemi tərəfindən havada zərərsizləşdirildiyini xəbər verib. Bu zaman güclü partlayış səsi eşidilib. Lakin hər hansı dağıntı olmayıb.
Qeyd edək ki, daha əvvəl “Reuters” Ər-Riyadda güclü partlayışın eşidildiyi və tüstü müşahidə olunduğu barədə xəbər yayıb.